Quru dəriyə sahib xanımların üz dərisi, adətən təmiz olub, üzərində yağlı parıltı və demək olar ki, məsamələr olmur, ona görə bu dəri tipləri daha gözəl görünür. Lakin bu tip dəridə piy vəziləri çox az yağ ifraz etdiyindən dərini ətraf mühitin zərərli təsirindən və susuzluqdan qorumaq üçün xüsusi qoruyucu təbəqə qatı yaranmır. Bu səbəbdən o, daha tez quruyur, qabıq verir, daha həssas olub, artıq 25 yaşdan sonra gözəatrafında kiçik qırışlar yaranmağa başlayır.
Lakin dərinizə düzgün qulluq etdiyiniz halda isə o, uzun müddət qırışsız, cavan, gözəl və təravətli qalacaq.
Quru dərilərə qulluq necə olmalıdır?
- Sabun istifadə edirsinizsə, onu kənara qoyun, bu, sizin üçün deyil. Səhər üzünüzü ilıq, daha yaxşı olardı ki, otlardan dəmlənmiş və ya mineral su ilə quru dəri üçün nəzərdə tutulmuş gellə yuyasınız. Daha sonra onu losyonla silmək (ev şəraitində hazırlanan losyon çox daha effektlidir) və sonda nəmləndirici krem çəkmək lazımdır;
- Axşam dəriyə qulluq eynilə səhər olduğu kimi aparılır (sadəcə makiyaj vasitələrindən yaxşı təmizləndikdən sonra);
- Üzünüzü quruladıqda heç vaxt dəsmalla möhkəm silməyin, sadəcə yüngülcə suyu dəsmala hopdurun, dəriniz bir qədər nəmli qalsın və kremi də elə nəmli dəriyə çəkin;
- Makiyajı üzünüzdən makiyaj çıxardıcı losyon və ya kosmetik südlə təmizləyin. Losyonların tərkibində spirt olmamasına diqqət edin, alkoqol quru dərinin düşmənidir;
- Həftədə azı iki dəfə qidalandırıcı və yağlı maskalar etmək vacibdir;
- Günəş quru dərilərə pis təsir göstərir, ona görə günəş şüalarının birbaşa düşdüyü yerlərdə olmaq məsləhət deyil, xüsusilə də dəridə artıq ləkələr və xallar yaranıbsa;
- Su sizin dostunuz olmalıdır, belə ki, o dəriyə lazımi nəmliyini verərək erkən qocalmanın qarşısını alır;
- Üzməyi sevən xanımlar bilməlidilər ki, hovuzdakı xlorlu su quru dəri üçün çox ziyandır və onu bir az da qurudaraq qabıqlanma və çatlar yaranmasına gətirib çıxarır. Bunun qarşısını almaq üçün su hovuzuna baş vurmamışdan əvvəl dərini qurumaqdan qorumaq üçün üz, boyun və dekolte hissəyə mütləq yağlı krem çəkin.
Qidalanmada nələrə diqqət etməli?
Quru dəriyə sahib xanımlar yediklərinizə diqqət edin, belə ki, spirtli içkilər, kofe və kofein tərkibli bütün içkilər, rəngli və qazlı şirələr mayeqovucu təsirə malik olduqları üçün bədəni bir az da susuzlaşdırır. Bağırsaq işlədici, sidikqovucu dərmanlar, bu tip təsirli digər çaylar və vasitələrdən uzaq durun. Dərini nəmli saxlamaq üçün gün ərzində mütləq ən azı 2 litr su için, çünki bədənin 70%-dən sudur və gündəlik tələbat ödənmədikdə dəri quruyur və sürətlə qocalır;
Gündəlik qida rasionunda vitamin A, C, E, B2 tərkibli və omega turşuları olan qidalar (balıq yağı, kətan toxumu, qoz, fındıq, müxtəlif balıq növləri və s.) meyvə və tərəvəz, müxtəlif sıyıq, lifli qidalar, qoz, kəpəkli çörək də olmalıdır.