Dermatit – müxtəlif daxili və xarici amillərin təsirindən dərinin iltihablaşmasıdır. Bu amillərdən ən geniş yayılanı allergik faktordur. Orqanizmin hər hansı maddəyə qarşı həssaslığının artması ilə xarakterizə olunur. Bunlara kosmetik vasitələr, farmakoloji preparatlar, kimyəvi təmizləyicilər, qida məhsulları aiddir.
Allergenin bədənə təsiri nə qədər uzunmüddətli, xəstənin həssaslığı nə qədər yüksək olarsa, dermatit əlamətləri bir o qədər aşkar olur.
Dermatit səpgiləri daha çox bədənin nazik dərili sahələrində – göz qapaqları, saidin iç səthi, cinsiyyət üzvlərinin dərisində baş verir. Səpgilər bərk qaşınma, eroziyalaşma və sulanma ilə müşayiət olunur.
Müalicə zamanı ilk növbədə allergenin təsirini aradan qaldırmaq lazımdır. Həmçinin düzgün qigalanma, spirtli içkilərin, duzlu, acı, ədviyyatlı qidaların və şirniyyatın qidadan çıxarılması da əhəmiyyətlidir.
Allergik dermatitdən əziyyət çəkirsinizsə aşağıda qeyd olunan dərman bitkiləri və bitki qarışıqları köməyinizə gələcək.
Yatıqqanqal otu ilə dəmləmə:
1 xörək qaşığı xırdalanmış otu 200 ml (1 stəkan) qaynar suda 15 dəq. müddətində dəmləyin. Soyudub süzdükdən sonra 1-2 xörək qaşığından gündə 3 dəfə qəbul edin. dərini yumaq üçün isə 3 xörək qaşığı yatıqqanqal otunu 2 stəkan suda 10 dəq. qaynadıb süzmək lazımdır.
Qıtığotu dəmləməsi:
2 çay qaşığı sürtgəcdən keçirilmiş qıtığotunu üzərinə 250 ml qaynar su tökülür və 2 saat müddətində dəmlənir. Zədələnmiş dəri nahiyələri dəmləmə ilə silinir.
Yemişan və bədrənc dəmləməsi:
Hərəsindən 1 xörək qaşığı yemişan və bədrənc yarpaqlarını xırdalayıb üzərinə 500 ml qaynar su əlavə edin. 30 dəq. dəmlədikdən sonra süzün və 1 xörək qaşığı balla qarışdırın. Gündə 3 dəfə 1 çay qaşığı olmaqla yeməkdən sonra qəbul edin.
Solmazçiçəyi-gülümbahar qarışığı:
Solmazçiçəyi və gülümbahar çiçəklərinin hərəsindən 1 çay qaşığı götürüb xırdalayın və üzərinə 250 ml su töküb qaynama dərəcəsinə çatdırın. 30 dəq. vam odda qaynadın. Odun üstündən götürüb 1 saat saxlayın və süzün. 1 çay qaşığından gündə 3 dəfə qəbul edin.
Boymadərənlə dəmləmə:
Boymadərən otu və qulançar kökünün hərəsindən 1 xörək qaşığı, poruq otundan isə 1 çay qaşığı götürün, qarışığın üzərinə 250 ml qaynar su əlavə edib 2 dəq. vam odda qaynadın. Oddan götürüb 30 dəq. dəmləyin və süzün. Gündə 3 dəfə 1 xörək qaşığından yeməkdən 30 dəq. əvvəl qəbul edin.
Dəmrovotunun yağda çıxarışı:
1 xörək qaşığı çox xırdalanmış dəmrovotunu 100 ml bitki yağında 1-2 həftə müddətində saxlayın. Bir neçə qat tənzifdən süzdükdən sonra alınan çıxarışı 1 ay müddətində dərinin zədəli nahiyələrinə çəkin.
Fitoterapevt Dr. Elnur Rəhimov