Tərləmə, yoxsa hiperhidroz? Planetimizin sakinlərinin 0,05%-də hədsiz tərləmə müşahidə edilir.
Tərləmə tər vəzilərinin normal funksiyası olduğu halda, hiperhidroz bu vəzilərin hiperfunksiyası nəticəsində yaranan patoloji vəziyyətdir. Lakin çox təəssüflər olsun ki, hiperhidrozun səbəbləri indiyədək tam dəqiq müəyyən edilməmişdir.
Güclü tərləmə bu hallarda baş verə bilər:
- Vərəm
- Limfoqranulomatoz
- Ürək-damar, böyrək, endokrinoloji xəstəliklər
- Piylənmə, sinir-emosional gərginlik
- Çox kəskin ədviyyatlı və isti qidaların qəbulundan sonra
- Sintetik materiallardan hazırlanmış geyimlərdən istifadə etdikdə, isti mühitdə qaldıqda
Qadınlarda, xüsusilə pubertat və klimakterik dövrdə tərləmə əhəmiyyətli dərəcədə artır.
Tərləmə, əsasən qoltuqaltı, ovuc və ayaqaltı nahiyələrdə, həmçinin qasıq büküşlərində baş verir, nəticədə mikrobların və göbələklərin artması üçün şərait yaranır.
Bu zaman bakteriyalar tər vəzisi hüceyrələrinin protoplazmasını, o cümlədən dərinin buynuz maddəsini parçalayır, nəticədə doymamıış yağ turşuları, müxtəlif ammonyak birləşmələri (butandion) xaric olur və göstərilən nahiyələrdə pis qoxunun yaranmasına şərait yaranır.
Tərləmə orqanizmin istilik tənzimini həyata keçirir.
Hər kəs yaxşı bilir ki, insan fiziki işdən, həyəcanlandıqdan, qorxduqdan, utanmadan və s. sonra çoxlu tərləyir.
Tər tər vəziləri tərəfindən ifraz edilən maye olub, tərkibinin 97,5-99,5%-i sudan, qalan hissəsi isə duzlardan (xloridlər, fosfatlar, sulfatlar) və sidik cövhəri, sidik turşusu duzları, kreatin və s. bu kimi madələrdən ibarətdir.
Dəri səthinə axan tər burada piy vəzilərinin sekreti ilə qarışır.
Tərin tərkibi orqanizmin vəziyyətindən, yəni daha dəqiq desək qanın tərkibindəki maddələrdən və tər ifrazının intensivliyindən asılıdır. Ağır fiziki işdən sonra tərin tərkibində süd turşusunun miqdarı artır.
Həmçinin, bir çox dərman preparatları da, məsələn, yod birləşmələri, benzoy turşusu, xininlər və s., mübadilə məhsulları, toksiki maddələr tərlə xaric olur.
Tərin qoxusu onun tərkibində olan sidik cövhərinin miqdarından asılıdır. Lakin normada sağlam tərdən heç bir qoxu gəlmir.
Tərin rəngi isə mübadilədən və rəngyaradan bakteriyaların olmasından asılı olaraq müxtəlif rəngdə, məsələn, sarı, qırmızı, göy, yaşıl və s. rəngdə ola bilər.
Hələ bir müddət əvvəl holland entomoloqları malariya ağcaqanadlarının pendirin Limburger növünə xüsusi hərislik göstərdiyini müəyyən etmişlər. Onu da xatırladaq ki, bu pendirdən uzun müddət su, sabun üzü görməmiş xoşagəlməz ayaq iyi gəlir. Buna görə də tərindən pis qoxu gələn insanlar malariya xəstəliyindən ehtiyatlı olmalıdırlar.
Tərləmədən əziyyət çəkənlər qida rasionlarına da fikir verməlidirlər. Çünki tünd çay, kofe, şirin məmulatlar, şokolad tər ifrazını artırır.
Diqqət! Birdən-birə tərləməyə heç bir səbəb olmadan qadınlarda qoltuqaltı nahiyədə tərləmənin artması və kəskin iyli olması süd vəzi xərçəngindən xəbər verə bilər.
Tərləmə əleyhinə effektiv xalq təbabəti üsulları
- 1 stəkan xırdalanmış palıd qabığının üzərinə 0,5 litr su əlavə edilərək 10 dəqiqə qaynadılır. Alınmış maye ilə tərləyən nahiyələr vanna edilir. Bu məqsədlə şam ağacından, fındıq ağacının yarpağından, qara gəndalaşın çiçək və meyvəsindən də istifadə etmək olar.
- Qara çaydan hazırlanmış tünd dəmləmə ilə də gecələr vanna qəbul etmək olar.
- Tərləyən nahiyələri növbəli şəkildə gah sərin, gah da isti suya salıb 30-60 saniyə saxlamaqla tərləmənin qarşısı alınır.
- 6 xörək qaşığı aptek çobanyastığı çiçəklərinin üzərinə 2 litr qaynar su əlavə edilərək 1 saat müddətinə dəmə qoyulur. Hər gün axşam yatmazdan öncə tərləyən ətraflar alınmış dəmləmə ilə vanna edilir.
- Hər gün səhər tezdən təmiz və quru qoltuqaltı nahiyələrə çay ağacının yağı sürtülür və 5 dəqiqədən sonra yağ salfetlərə hopdurulur.
- Hər gün yatmazdan öncə tərləyən nahiyələri araqla silmək də olar.
- Bu məqsədlə salisil-sink pastalarından (Lassar pastası) da istifadə etmək olar.
- 2 xörək qaşığı xırdalanmış sincanotu (qambatı) kökümsovunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək 30 dəqiqə müddətinə dəmə qoyulur. Alınmış dəmləmədən vanna, kompres və islatma şəklində tərləyən nahiyələr üçün istifadə edilir.
- 1 çay qaşığı duz 1 stəkan isti su ilə qaışdırılır və gündə 2 dəfə tərləyən nahiyələr alınmış məhlulla yaxalanır.
- Tərləyən nahiyələr, xüsusilə ayaqlar sərin su ilə yuyulur, tam qurudulur. Bundan sonra ayaq barmaqlarının arasına tozağacı yarpaqları qoyularaq müəyyən müddət saxlanılır. Gündə iki yarpaqlar yeniləri ilə əvəz edilir.
- Həmçinin, tozağacı bitkisindən hazırlanmış qətranlı sabunlar da tərləmə əleyhinə effektli təsir göstərir.
Fitoterapevt Dr. Elnur Rəhimov