İllərlə ofis şəraitində və kompüter arxasında işləyən biri kimi deyə bilərəm ki, baş ağrıları ofisdə işləyən insanlar arasında ən çox yayılmış problemlərdən biridir.
Niyə bu haqda yazmaq istədim? Çünki iş yoldaşlarımın əksəriyyətinin baş ağrısı başlayan kimi dərman axtardıqlarını görürdüm. Maraqlısı isə odur ki, heç kimi bunun səbəbləri maraqlandırmır. Halbuki səbəbi bilsələr problem də aradan qalxar.
Odur ki, başınız ağrıyanda dərman axtarmağa başlamadan əvvəl qeyd edəcəklərimi oxuyun.
?Ofis şəraitində baş ağrısının ən əsas səbəbi oksigen, hava çatmazlığıdır. 5-10 dəqiqəlik də olsa havaya çıxın və baş ağrısının keçdiyini hiss edəcəksiniz.
? Ofisdə açılan pəncərə varsa, bəxtiniz gətirib deməkdir. ? Otağın havasını tez-tez havalandırın. Bu həm otaqda təmiz hava olmasına, həm də qrip və digər virusların qapalı otaqda çoxalmasının qarşısını alacaq.
? Kompüter qarşısında saatlarla tərpənmədən oturmayın, bu halda qan dövranınız düzgün işləmir, bu da baş ağrılarına səbəb ola bilir.
Kompüter qarşısında yaranan problemlərdən biri də saatlarla onsuz da heç diqqət etmədiyimiz boynumuzun bir pozada hərəkətsiz qalmasıdır, bu da boyundakı damarların sıxılması və nəticədə baş ağrılarıan gətirib çıxara bilir. Boyun üçün sadə gimnastik hərəkətlər edin, sağa, sol, önə-arxaya çevirməklə boynunuzu hərəkət etdirin.
? Başqa bir səbəb qan təzyiqinizin yüksəlməsi ola bilər. Ona görə ofisdə mütləq təzyiqölçən avadanlıq olmalıdır. Əgər təzyiqiniz sizin normadan çox yüksəlməyibsə, limonlu su, sadəcə limon, yaşıl çay sizə kömək edə bilər. Çox yüksək olduqda həkim çağırmağınız məsləhətdir.
Diqqət! Əgər baş ağrılarınız hər gün davam edirsə, xüsusilə də eyni nahiyədə olursa, mütləq həkimə müraciət edin. “Baş ağrısıdır da, keçib gedəcək.” deyib keçməyin.
Bəs siz başınız ağrıyanda nə edirsiniz? ?