Bir çox qadının rastlaşdığı və elə çox vaxt dərmanla ötüşdürməyə çalışdığı ağrılı aybaşı probleminə həqiqətən də “keçib gedər” deyə yanaşmaq düzgündürmü? Onu xatırladaq ki, ağrı bədənin qoruma reaksiyasıdır və onun olması artıq orqanizmdə hər hansı problemin yarandığının göstəricisidir.
Ağrılı aybaşıya nələr səbəb olur?
Yeniyetmə dövrünü keçirən qızlarda aybaşı zamanı ağrı bədəndə gedən dəyişikliklər ilə bağlı, hormonal balans hələ stabilləşmədiyi üçün bəzi hormonların normadan çox ifraz olunması ilə əlaqəli yaranır. Bu çox hallarda rast gəlinən səbəbdir. Digər səbəblər isə qadın daxili cinsiyyət orqanlarının anatomik anomaliyaları, məsələn, düzgün yerləşməyən uşaqlıq, damar və toxumalarda olan dəyişikliklər nəticəsində də meydana çıxa bilir. Bu halda qızınızı uşaq ginekoloquna göstərmək lazımdır. Çünki bu həssas dövrdə həm psixoloji, həm də fiziki dəyişikliyi nəzərə alaraq uşaq ginekoloqu məsələyə daha həssas və düzgün yanaşacaq.
Digər ən böyük səbəb isə ginekoloji xəstəliklərdir. Bəs hansı xəstəliklər aybaşının ağrılı keçməsinə səbəb olur:
- Daxili və xarici endometrioz
- Kiçik çanaq orqanlarının iltihabi prosesləri
- Çanaq venalarının genişlənməsi
- Cinsi orqanların şiş xəstəlikləri
- Əməliyyatlardan sonra toxumalarda olan dəyişikliklər
- Hamiləlikdən qorunmaq üçün istifadə olunan spirallar
Beləliklə, aybaşı vaxtı olan ağrıların ilk növbədə səbəbi araşdırılmalı, dəqiq diaqnoz qoyulmalı və müalicə aparılmalıdır.
Qeyd: Əziz xanımlar, həyat tərzinizə diqqət etmək də vacibdir, belə ki, yuxusuzluq, çoxlu miqdarda kofe qəbulu, stress, siqaret çəkmək kimi zərərli vərdişlər aybaşı vaxtı ağrının bir az da artmasına və diskomforta səbəb olur.
Kompleks müalicə zamanı tək dərmanlar deyil, stress faktorunun aradan qaldırılmasına da diqqət edin, bunun üçün mütləq idman, gimnastika, yoqa, üzgüçülüyü də gündəlik rejiminizə əlavə etməyi unutmayın.