İncə bel hamımızın arzusudur. Arzumuza daha yaxın olmaq üçün salon prosedurlarından heç də geri qalmayan, üstəlik onlardan dəfələrlə ucuz başa gələn bürünmələri sizə təqdim edirik. Bu bürünmələri siz ev şəraitində rahatlıqla edə və bel, qarın, ayaq nahiyələrindəki piylərdən tez bir zamanda qurtula bilərsiniz.
Qırmızı bibərlə bürünmələr
Bürünmələr arasında ən sürətli təsir göstərən, ən çox tətbiq olunanlardan biri qırmızı bibərlə olanlardır. Qırmızı bibərin sirri nədədir bəs? O, piy hüceyrələrinə dağıdıcı təsir göstərir və onları sürətlə məhv edir. Çəkildiyi nahiyəyə isidici təsir göstərərək qan dövranını sürətləndirir, qan özü ilə oksigenin daşınmasını artırır, oksigen isə öz növbəsində də sürətlə piy hüceyrələrini yandırır. Salon prosedurlarının məğzi məhz bundadır: oksigeni piy olan nahiyələrə daşımaq.
Reseptlər:
- İki xörək qaşığı qırmızı bibər və iki xörək qaşığı darçın götürüb, onların üzərinə 4-5 qaşıq zeytun yağı əlavə edib yaxşı qarışdırın. Bu qarışığa bir neçə damcı sitrus yağı da əlavə edə bilərsiniz. Bədəninizə çəkdikdən sonra üzərini qida salafanı ilə bir neçə dəfə çox möhkəm olmayaraq bağlayın və üzərindən isti xalat, şarf və ya isti hər hansı bir paltar geyinib 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun.
- İki xörək qaşığı üyüdülmüş kofe (kofe dənələrindən hazırlanmış), bir xörək qaşığı qırmızı bibər və bir ya iki xörək qaşığı bal götürülür, qarışdırılır və problemli nahiyəyə yüngül massaj hərəkətləri ilə çəkilir və 30 dəqiqə yuxarıda yazıldığı kimi saxlanılır və ilıq su ilə yuyulur.
Bürünmənin qaydaları
Bürünməyə başlamamışdan əvvəl isti bir duş alın, bədən skrabı ilə dərinizi yaxşı təmizləyin. Skrabla təmizlənən dərinin məsafələri açıldığından ediləcək bürünmənin nəticəsi daha effektiv olacaq.
Bürünmələr günaşırı olmaqla bir ay ərzində edilməlidir!
Diqqət! Yuxarıda qeyd edilən bürünmələrin yandırıcı və isidici təsiri var, bu normaldır, lakin bürünmədən sonra həddindən artıq yanma hiss edirsinizsə onu bədəninizdən mütləq yuyun. Qırmızı bibərlə olan, ümumiyyətlə isidici təsiri olan bürünmələr, həssas dəriyə malik, yenicə epilyasiya olunmuş, damarlarda varikoz xəstəliyi, ürək-damar sistemi və qalxanabənzər vəzi xəstəlikləri, onkoloji və ginekoloji xəstəliklərdən əziyyət çəkən insanlara əks-göstərişdir. Bu xəstəliklərdən əziyyət çəkənlər soyuq bürünmələrdən istifadə edə bilərlər. Onlar və digər çox effektiv bürünmələr haqda növbəti yazılarımızda.