Dünənki “Meditasiya ilə STRESSƏ zərbə” mövzusunu davam edirik. Əziz xanımlar, meditasiyanı düzgün etməyin qaydaları haqda daha ətraflı aşağıda:
– Meditasiyanı həm oturaq, həm də uzanaraq edə bilərsiniz. Yeni başlayanlar uzanıqlı vəziyyətdə (uzanıqlı meditasiyanın mənfi tərəfi odur ki, siz yuxulaya bilərsiniz) və ya divara söykənərək meditasiya edə bilərlər. Burada ən vacib məqam onurğa qamətinin düzgün saxlanmasıdır. Yeni başlayanlar bir çox hallarda onurğanı bir neçə dəqiqə belə düzgün saxlaya bilmirlər, həmçinin bel ağrısı və bədənin tərpənmədən bir müddət qalması diskomfort hissi yaradır, lakin bu keçicidir, narahat olmağa dəyməz. Diskomfort hissi diqqətinizi cəmləməyə mane olmasın deyə yuxarıda qeyd edilən iki variantdan birini seçin.
– Oturacağınız yerin xüsusi olması vacib deyil, özünüzü rahat hiss edəcəyiniz yerdə otura bilərsiniz (stul, döşəmə və s.). Altınıza yumşaq nazik bir döşəkçə və ya ən yaxşısı yoqa mat qoymağınız məsləhətdir. Bir də xatırladaq ki, burada ən vacib məqam onurğanı düz saxlamaqdır.
– Gözlərinizi yumun və bədəninizin bütün əzələlərini ayaq barmaqlarından başa qədər boşaltmağa başlayın. Bədən gərgin olmalı deyil, tam rahat olmalısınız.
– Əlləri ovuclar yuxarı olmaqla dizlərin üstünə qoyun və ya barmaqları bir-birinə keçirirək oturun.
– Dərindən bir neçə dəfə nəfəs alıb verin. Daha sonra nəfəsinizi müşahidə etməyə başlayın. Nəfəsi idarə etməyə çalışmayın, sadəcə müşahidəçi qismində olub onu müşahidə edin. Beyninizə gündəlik həyatınızda yaşadığınız problemlər, qayğılarla bağlı fikirlər gələrək bir-birini əvəz edəcək. Onları qovmaq, onlarla mübarizə aparmaq lazım deyil, sadəcə fikirlər gəlməyə başlayanda fikrinizi yenidən nəfəsinizə yönəldin. Bunu vərdiş halına saldıqdan sonra hər dəfə meditasiya etdikcə fikirlərin sayı azalacaq, başqa sözlə, onlar sizdən uzaqlaşacaqlar.
Nələri bilməliyik?
– Meditasiya ya acqarnına ya da yeməkdən 2-3 saat sonra edilməlidir;
– Başlamazdan əvvəl meditasiya edəcəyiniz otağın havasını dəyişin, üzərinizə çox yüngül bir paltar geyinin;
– Meditasiyanı gündə iki dəfə, səhər-axşam, 10-15 dəqiqədən başlayaraq etmək məsləhət görülür. Axşam yatmamışdan əvvəl meditasiya etmək məsləhət deyil;
– Vaxt bitdikdən sonra gözlərinizi dərhal açıb, ayağa durmayın, bədəninizdəki hisslərə bir müddət diqqət yetirin, hisslərinizi müşahidə edin, daha sonra isə yavaş şəkildə gözlərinizi açaraq meditasiyanı bitirə bilərsiniz.
– Meditasiya vaxtı nəfəs hərəkətlərinin sayı azalır, buna görə narahat olmayın.
Qeyd: İlk dəfədən meditasiya istədiyiniz kimi alınmaya bilər, “mən heç nə edə bilmədim” deyə düşünə bilərsiniz. Lakin buna görə narahat olmağa dəyməz, çünki bu, tamamilə normaldır və hər kəs belə başlayır. Hətta tam alınmadığını düşündüyünüz meditasiya belə sizə öz faydasını vermiş olur. Ən əsas odur ki, siz onu davamlı edib, vərdiş halına salasınız.
Hər kəsə uğurlu meditasiya arzusu ilə :)