Başımız niyə ağrıyır?

Başımız niyə ağrıyır?

Ətrafımızda nə qədər qadın var ki, baş ağrısından şikayət etməsin? Çox azdır desək səhv etmərik. Dünyada milyonlarla qadın hər ay tək hormonal dəyişikliklərə görə meydana çıxan baş ağrılarından əziyyət çəkir. Baş ağrısından daima şikayətlənən və ya ara-sıra əziyyət çəkən qadınlar bir ağrıkəsici qəbul etməklə səbəbin nə olduğu ilə  maraqlanmırlar belə. Lakin baş ağrısı adi hava dəyişkənliyindən tutmuş sağlamlığınızla bağlı ciddi problemlərin işarəsi ola bilər.

Ümumiyyətlə, gəlin baxaq, baş ağrısı nə ilə bağlı ola bilər.

Qadınlarda baş ağrılarının səbəbləri:

  • Hormonal dəyişikliklər (menstruasiya qabağı dövr, klimaks və s.)
  • Arterial təzyiqin qalxması
  • Qeyri-düzgün qidalanma, ağır pəhrizlər
  • Stress, depressiya, narahatlıq və gərginlik hissi
  • Xroniki yorğunluğa səbəb olan amillər: həddindən artıq çox fiziki və əqli iş görmək
  • Yuxusuzluq
  • Hava dəyişkənliyi
  • İntim həyatın normal olmaması
  • Zərərli vərdişlər: spirtli içki qəbulu, aktiv və passiv siqaret çəkmə.
  • İntoksikasiya (bədənin qidadan və kimyəvi maddələrdən zəhərlənməsi)
  • Ətraf mühitə qarşı həssaslıq (səs, işıq və s.)
  • Boyun fəqərələrinin osteoxondrozu və s. (orta yaşlı insanlarda və kompüter arxasında saatlarla oturanlarda daha çox rast gəlinir)
  • Saçların saatlarla müxtəlif aksessuarlarla yığılıb qalması.

 

Nələrə diqqət etməli?

  • Arterial təzyiq nəticəsində yaranan baş ağrılarında qidalanmaya mütləq diqqət yetirilməlidir: xolesterin (kərə yağlı, yağlı və qızardılmış yeməklər, kofein tərkibli qidalar (çay, kofe) yeməklərdən uzaq durmalı,  duzun miqdarı minimuma endirilməlidir;   
  • Mütəxəssis nəzarəti olmadan ağır pəhrizlər saxlamayın;
  • Normadan artıq maye qəbul etmək olmaz, su-duz mübadiləsi pozulan insanlarda bu arterial təzyiqin qalxmasına səbəb olur;
  • Qəbul etdiyiniz ağrıkəsicilərə diqqət edin, onlar özləri belə ağrı yarada bilir;
  • Fiziki olaraq çox yorğun olan xanımlar, dincəlməyə mütləq vaxt ayırın;
  • Kompüter arxasında saatlarla oturmaq olmaz, hər saatdan bir 5-10 dəqiqəlik fasilə verib gözləri dincəltmək, bir qədər gəzmək və boyun üçün gimnastika etmək məsləhətdir;
  • Qışda: soyuq havada gözəl görünmək üçün papaq taxmamaq vərdişindən əl çəkin, açıq başla soyuq havada gəzmək güclü baş ağrısı yarada bilir.

 

Bitkilərdən baş ağrısı əleyhinə resept:

Çay qaşığının ucunda darçının üzərinə bir stəkan qaynar su əlavə edib, bir qədər bal (bal olmasa şəkər tozu) əlavə eləyin və yarım saat dəmlənməsini gözləyin.  Ondan sonra hər iki saatdan bir bir neçə qurtum qəbul edin.

Nöqtəvi massaj: limon və ya nanə yağını qulaqların arxası, gicgah və ənsə nahiyələrinə çəkib bir neçə dəqiqə massaj edin.

Baş ağrısını aradan qaldıran bitkilər: dəvədabanı, imbir, kəklikotu, melissa.

Diqqət! Əgər baş ağrıları 2-3 ay ərzində hər həftə təkrarlanırsa, yəni xroniki vəziyyətə keçibsə mütləq həkimə müraciət edin. Hər dəfə dərmanla özünüzü aldatmayın. Qəfləti baş verən, buna qədər heç vaxt hiss etmədiyiniz ağrılar baş verərsə mütləq təcili yardıma və ya ailə həkiminə müraciət edin, çünki bu tip ağrılar insult (beynə qansızma), meningit, insultönü vəziyyət, başın bir tərəfində başlayıb, hər gün artan ağrılar isə şiş xəstəliklərinin əlaməti ola bilər.

Ağrıkəsicilərlə çox ehtiyatlı olun. Ağrıdan qurtulmaq istədiyiniz halda mədə-bağırsaq xorası və qanaması kimi ciddi problemlərlə üzləşə bilərsiniz.

Psixoloqların fikrincə isə baş ağrıları daha çox psixoloji mənşəli bir problemdir. Dünyaca məşhur psixoloq Luiza Xey’in baş ağrıları haqqında dedikləri:

“Beynimiz bizi təmsil edir. Ətrafımıza göstərdiyimiz elə beynimizdir və bizi beynimizə görə tanıyırlar. Başımızda bir problem varsa, deməli problem özümüzdədir. Baş ağrıları özümüzü natamam hiss etdikdə yaranır. Növbəti dəfə başınız ağrıdıqda bir dəqiqəlik dayanıb özünüzdən soruşun ki, bəlkə mən hansısa səbəbdən özümü alçalmış hiss elədim, o anda özünüzü bağışlamağa çalışın və qoyun bu piss hiss sizi tərk etsin, onda baş ağrınız da keçib gedəcək ”.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top