Dişlərinizi fırçaladığınız zaman fırçada qan görürsünüzsə, deməli siz də artıq diş əti qanaması ilə tanış olmusunuz. Sağlam diş əti, sağlam dişlər deməkdir, onsuz sağlam dişlərə sahib olmaq mümkün deyil.
Diş əti problemləri bir çox səbəbdən meydana gələ bilər. Diş iltihabı bu problemlərin başında gəlir. Daimi olaraq təmizlənməyən diş və diş ətlərində zaman keçdikcə bakteriyalar əmələ gəlir və bu bakteriyalar olduğu yeri “dağıdaraq” ağrı, şişkinlik və qanamalara yol aça bilir.
Diş əti xəstəliyinin əlamətləri hansılardır?
- diş əti çəkilmələri
- diş itkisi, dişlərin laxlaması
- ağızda pis dad və qoxu hissi
- qırmızı, şiş və həssas diş ətləri
- diş fırçalama zamanı qanama
- dişlər arasında yığılan diş ətlərinə bənzəyən kiçik torbacıqlar
- dişləri sıxarkən və ya dişləyərkən diskomfort hissi
Diş əti qanamasının səbəblərinə gəldikdə isə bunlar müxtəlifdir: ağızdakı kiçik yaralar, kimya terapiyası, siqaret istifadəsi, hamiləlik və klimaks dövrü, bəzi hormon pozğunluqları və s.
Bəs qarşısını necə almalıyıq?
– Dişləri təmiz saxlamaq: bunun üçün dişləri gündə 2 dəfə fırçalamaq lazımdır (hər yeməkdən sonra adi su ilə ağzı yaxalamaq lazımdır, bu, qida qalıqlarının dişlərə ziyan verməməsi üçündür);
– Hər gün, xüsusi ilə yatmazdan əvvəl diş sapı ilə dişlərin arasını təmizləyib, ağzı yaxalamaq;
– Bol su içmək. Su dişlərdə bakteriya əmələ gəlməsinin qarşısını alır və qanama riskini azaldır;
– Siqaret istifadəsini dayandırmaq;
– Ən vacib qaydalardan biri də çox soyuq və çox isti qidalar qəbul etməməkdir;
– Əgər diş əti problemləriniz göstərilənləri etməklə aradan qalxmırsa mütləq stomatoloqa müraciət edin. Ümumiyyətlə, ildə iki dəfə stomatoloq qəbulunda olmaq ağız boşluğu və dişlərin sağlam olması üçün vacibdir.