Mineralların sağlamlığımızda əvəzsiz rolu!

Mineralların sağlamlığımızda əvəzsiz rolu!

Bədənimizin normal fəaliyyət göstərməsi üçün mineralların rolu əvəzolunmazdır. Əhəmiyyət vermədiyimiz və adi saydığımız mineral lazım olduğundan az və ya ümumiyyətlə, bədənimizə daxil olmazsa, bizi saçsız belə qoya bilər, dərimizin çox pis vəziyyətə düşməsinə, xəstə görünməyimizə səbəb ola bilər. Qadınlar üçün isə həmişə gözəl və təravətli görünmək vacibdir.

Gözəllik isə ilk növbədə sağlamlıqdan başlayır.

Minerallar makro və mikroelementlər olmaqla iki yerə bölünürlər. Daha ətraflı.

Makroelementlər

Kalsium-sümük toxumasının əsas hissəsini təşkil edir. Sinir-əzələ və ürək-damar sistemində gedən proseslərdə iştirak edir. Ən çox süd və süd məhsulları, xüsusilə də pendirin tərkibində vardır. Kalsiumun normal sorulması üçün vitamin D-nin miqdarı normada olmalıdır;

Fosfor-enerji mübadiləsində iştirak edir, zülal, nuklein turşuları, sümük toxumasının tərkibinə daxildir. Fosforla zəngin qidalara ət, balıq, çörək, pendir, arpa yarması, noxud, lobyanı misal göstərmək olar. Fosforla kalsiumun düzgün nisbəti çox vacibdir, normadan artıq fosfor kalsiumun bədəndən yuyulmasına, artıq kalsium isə böyrək daşlarının yaranmasına gətirib çıxara bilir. Fosfor kalsium nisbəti 1:1,5 olmalıdır.;

Maqnezium-sümük yaranmasında, enerji və karbohidrat mübadiləsində, sinir sistemində gedən proseslərdə iştirak edir. Çoxlu miqdarda fındıq, qoz, çörək, yulaf və lobyada vardır;

Natrium-arterial təzyiqi, su-duz mübadiləsinin normal gedişini təmin edir. Bədənə çox az miqdarda lazım olmasına baxmayaraq, hazırda insanlar normadan dəfələrlə çox Na-dan istifadə edirlər. Bu da gün ərzində yeməklərdə istifadə olunan və turşu, tərəvəzlərə əlavə edilən duzun hesabına olur. Arterial təzyiq və ürək-damar xəstəliklərindən əziyyət çəkən adamlar duzun miqdarını tamamilə azatmalıdırlar. Çünki Na suyu bədəndə saxlayaraq ödemlərə (şişkinliklər) və təzyiqin qalxmasına səbəb olur.

Kalium-hüceyrədaxili element olub, qanın qələvi-turşu balansını qoruyur. Məhz bu element natriumun normadan artıq yığılmasının qarşısını alaraq, təzyiqi normal saxlamağa kömək edir. Kalium çoxlu miqdarda lobya, noxud, kartof, üzüm və almada vardır. Gündəlik qəbul olunan kartof bədənin kalium ehtiyacını ödəyir;

 Xlor– mədə şirəsi, qan plazmasının yaranmasında iştirak edir. Çörək və duzun tərkibində olan xlor gündəlik normanı təmin edir;

Kükürd– daha çox heyvani mənşəli qidalarda rast gəlinir. Gündəlik normal qidalanma ona olan ehtiyacı tamamilə ödəyir.

which-vitamins-and-minerals-do-we-need

Mikroelementlər

 Dəmir – qanın vacib hissəsi olan hemoqlobinin yaranmasında vacib rol oynayır. Dəmirə mal əti, qaraciyər, böyrək, lobyalılar, qarabaşaq, yulaf, kəpəkli un, çiy çuğundur, cəfəri, ərik qurusu, xurma, üzüm, kişmiş, qara qarağat, qarpız, yemiş, şaftalı, lobya, qoz, fındıq, kələm növləri, kahının tərkibində rast gəlinir.

Mütəxəssis rəylərinə görə, çoxlu miqdarda ağ çörək və dənli bitkilər dəmirin sorulmasını çətinləşdirir və orqanizm lazımi miqdarda dəmir almır. Bu da bitkilərin tərkibində olan liflərlə əlaqədardır. Lakin liflər həzm sistemi üçün çox vacibdir. Kofein tərkibli içkilər (çay, kofe) də dəmirin sorulmasını çətinləşdirir.

Sink-bu elementin azlığı uşaqların inkişaf dövründə boyatma probleminə, fiziki inkişafdan qalmasına səbəb olur. Qadınlarda isə saç tökülməsi, dırnaqların qırılmasına gətirib çıxara bilir. Karbohidrat mübadiləsində iştirak edir. Sink çoxlu miqdarda qaraciyər və soyalılarda var.

Yod-çox vacib minerallardan olub, tiroksin hormonunun sintezində iştirak edir. Yod çatmazlığında çoxlarının bildiyi “zob” (rus dilində), yəni Ur xəstəliyi yaranır. Hazırda yediyimiz məhsulların tərkibində yod çox azdır. Dəniz kələmi, dəniz balığı, reyhanın tərkibində miqdarı daha çoxdur. Məhz buna görə də hazırda istifadə olunan duzların demək olar ki, hamısı yodla zənginləşdirilir. Lakin onu da unutmayın ki, qidalar çox bişirildikdə və uzun müddət saxlanıldıqda yod öz təsirini itirir.

Ftor-dişlərin sağlam olmasında ən vacib rolu oynayan minerallardan biridir, ftor çatmadıqda dişlərdə karies riski artır. Həm qida, həm də su ilə orqanizmə daxil olur. Dəniz balığı və çayın tərkibində daha çoxdur. Yodla da olduğu kimi, ftor çatmayan ərazilərdə suyun ftorlaşdırılması aparılır. Normadan artıq ftor isə diş emalının tündləşməsinə, ləkəli olmasına gətirib çıxarır.

Selen, bor, molibden, nikel, xrom və digər minerallara gəldikdə isə normal qidalandıqda bədənin bu minerallara olan ehtiyacı tam ödənilir.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top