Qadının yaşını göstərən ən vacib hissələrdən biri də boyundur, lakin biz çox vaxt bu incə dəriyə sahib nahiyəni unudur, ancaq üzümüzlə məşğul oluruq, halbuki boyun da üz qədər həmişə ilk baxışda gözəçarpan nahiyədir.
Boyun nahiyəsi daha tez qocalmağa məruz qalır, çünki bu nahiyədə üzdən fərqli olaraq dərialtı piy qatı və piy vəziləri çox azdır.
Ona görə də nazik dəriyə malik bu nahiyəyə daim qulluq olunmalıdır.
- Səhər və axşam üzünüzə qulluq etdiyiniz kimi boynunuza da qidalandırıcı və ya nəmləndirici kremlər çəkin. Kosmetik dükanlardan məhz sinə və boyun üçün nəzərdə tutulmuş kremlər əldə edə bilərsiniz. Qulluq üçün bədən kremlərindən də istifadə etmək olar;
- Səhər boynu soyuq su və ya buz kubikləri ilə silmək məsləhətdir. Bu prosedurlar boyun dərisinə tonus və elastiklik bəxş edəcək;
- Boyun dərisinin gözəl qalması üçün kontrast duş çox faydalıdır;
- Həftədə iki dəfə boyun dərisini yumşaq skrablar vasitəsilə pilinq edin. Pilinq dərini ölmüş hüceyrələrdən təmizləyərək dəriyə təravət verəcək;
- Həftədə 1-2 dəfə (yaxşı olardı ki, iki dəfə) boyun üçün müxtəlif yağlı kompress və maskalar edin;
- Boyun dərisinin cavan qalması, həmçinin buxağın yaranmaması üçün gimnastik hərəkətlər vacibdir, belə ki, siz dərinizə nə qədər qulluq etsəniz belə, boyun gözəlliyini qoruyan əzələlərdir. Hər gün 5-10 dəqiqə boyun üçün gimnastik hərəkətlər edərək yaxşı nəticələr əldə edə bilərsiniz;
Boyun qırışları əleyhinə kompress:
Əgər boynunuzda artıq kiçik qırışlar varsa onları bu kompreslə aradan qaldıra bilərsiniz. Pambıq parçanı isidilmiş zeytun yağına batırıb boynunuza kompress şəklində qoyun, üzərini tənziflə və daha sonra dəsmalla örtüb 15-20 dəqiqə saxlayın. Kompressi çıxardıqdan sonra boynunuzu yüngül hərəkətlə massaj edin və daha sonra soyuq kompress edin. Bunun üçün tənzifi soyuq suya batırıb boynu örtün və 15 dəqiqə gözləyin. Daha sonra su ilə yumağa ehtiyac yoxdur.