Az adam tapılar ki, havalar soyuqudca soyuqlama, qızdırma, burun axması, başağrısı ondan yan keçsin. Bizi işimizdən edən, gündəlik həyatımızı korlayan viruslarla necə mübarizə apara bilərik?
Aptekə qaçmamışdan əvvəl bəzi qaydalara riayət etmək və təbiətin bizə verdiyi nemətlərdən istifadə edərək soyuqdəymədən yaxamızı qurtara bilərik.
Nələri bilməliyik?
- Mikrobların “yığışmaması” üçün otağın havasını tez-tez dəyişmək lazımdır, halbuki əksəriyyətimiz bütün günü kondisioner və ya digər vasitələrlə isidilən və havası dəyişilməyən otaqda oturur və tezliklə sağalacağımızı düşünürük;
- Digər vacib məqam gün ərzində çoxlu maye qəbuludur. Maye qəbulu bədəni toplanan zərərli maddələrdən azad edir və daha tez sağalmağa kömək edir. Bura adi su, müxtəlif ədviyyatlar və bitkilərdən hazırlanmış çayları da nümunə gətirmək olar;
- Soyuqdəymə, virus infeksiyaları zamanı iştaha azalır və ya tamamilə olmur, onun görə özünüzü yeməyə məcbur etməyin. Xəstəlik ərəfəsində orqanizm enerjini sizin sağalmağınıza sərf edir, yeməyin həzm olunmasına isə artıq gücü qalmır və bu çox hallarda yediyiniz yeməyi qaytarmağınıza, pis həzm olunmasına, ishala gətirib çıxarır;
- Digər çox yayılmış, lakin tamamilə səhv yanaşma olan bədən temperaturu qalxan kimi onu salmaq cəhdləridir. Unutmayın ki, bədən temperaturu 38 dərəcədən yuxarı qalxmadıqca onu salmaq lazım deyil, belə ki, həmin dərəcəyə qədər olan temperatur xəstəliklə mübarizə aparır və mikrobları öldürməyə çalışır, siz süni olaraq onu saldıqda bədənin işinə mane olmuş olursunuz və çox hallarda temperatur yenidən qalxır;
- Xəstə olsanız belə, ətrafdakıları da düşünün, harada, necə gəldi asqırıb-öskürməyin, çünki bu soyuqdəymə halları hava-damcı yolu ilə keçmiş olur. Ailəniz və ətrafdakıların yoluxmaması üçün mütləq qoruyucu maskadan istifadə edin.
Diqqət! Hamilə olub, qrippə tutulan xanımlar isə ancaq həkim məsləhəti ilə dərman və ya bitki qəbul etməlidirlər.
Soyuqdəymə zamanı qeyd olunanlardan istifadə etməyi unutmayın: bal, limon, mürəbbələr (zoğal, böyürtkən), bitki dəmləmələri (kəklikotu, itburnu, çobanyastığı, gülümbahar), ədviyyatlar: imbir, qərənfil (mixək), darçın, qırmızı bibər (çayla və yeməklərdə qəbulu çox faydalıdır), təbii antibiotiklər olan sarımsaq və soğan.
Burun axması əleyhinə və qızdırma salıcı təbii vasitələr
- Burunun hər pərinə aloy şirəsindən 3-5 damcı olmaqla, gündə 3-4 dəfə tökmək; nanə yağı hər pərə 2-3 damcı; çaytikanı yağı ilə sıxılmış soğan suyu;
- Burnu duzlu su və ya azca soda və 2-3 damcı propolislə qarışdırılmış su ilə yaxalamaq;
- Sarımsaq iyləmək; otaqda mikrobları öldürmək üçün bir neçə diş sarımsağı doğrayıb olduğunuz otağa qoyun, belə vəziyyətdə yəgin ki, evə gələcək adamların nə deyəcəyi vacib deyil, əsas sağlamlıqdır :)
- Tərlədici və qızdırmasalıcı təbii vasitələr: zoğallı çay, imbirli-darçınlı çay, kəklikotu və itburnu çayı, cökə və çobanyastığı dəmləməsi.
Bütün tədbirlərə baxmayaraq, qripp, soyuqdəymə bir neçə gündən sonra aradan qalxmırsa və bədən temperaturu 38 dərəcədən yüksək olur və əlamətlər eynilə qalırsa, mütləq həkimə müraciət edin.