Tərəvəz, meyvələr, göyərtilərin bol olduğu bir mövsümə giririk. Hər kəs daha yüngül, daha sağlam qidalanmağa çalışır. Ona görə də hər birimiz daha çox meyvə, tərəvəz və göyərtilərdən hazırlanan salatlar, yeməklər və smuziləri seçməyə başlayırıq.
Lakin ciddiyə almadığımız məqamlar var, məsələn, çox sevdiyimiz göyərtilər torpaqdan cəmi bir neçə santimetr yuxarıda bitirlər, bu isə öz növbəsində parazit, qurd yumurtalarının yerləşməsi üçün ideal yerdir. Biz də onları alırıq, bir az su altında yuyub yeyirik. Nəticədə uşaqlar, böyüklər, hamımız qurdların fəsadlarından əziyyət çəkirik.
Ümumiyyətlə, göyərtilərin axar su altında yuyulmasının heç bir mənası yoxdur.
Parazitlərdən tam təmizlənməsi üçün göyərtilərin yuyulması bir neçə mərhələli olmalıdır. İlk növbədə axar su altında bir neçə dəqiqə saxlayın, çox palçıqlıdırsa suda saxlayın, palçığı çöksün. Daha sonra 15-30 dəqiqə ərzində sirkəli, duzlu və ya sodalı suda saxlamaq lazımdır. Bundan sonra bir daha suda saxlamaq və ya axar su ilə yuduqdan sonra göyərtilər yeyilməyə hazır olur.
Qeyd: kələm də yerdən cəmi bir neçə santimetr yuxarıda bitdiyi üçün onu yuyarkən iki hissəyə bölüb ən azı 30 dəqiqə duzlu suda saxlamaq, daha sonra istifadə etmək lazımdır.
Araşdırmalar göstərir ki, xərçəng kimi ağır xəstəliyin yaranması səbəblərindən biri də parazitlərdir. Onlar illərlə bədənimizi zəhərləyir. Və qan vasitəsilə qaraciyər, ağciyər, əzələlər, oynaqlar, beyində belə yerləşərək allergiya, astma, sirroz, xolesistit, pankreatit kimi müxtəlif ağır xəstəliklərə qədər gətirib çıxara bilirlər. Məhz buna görə də bu parazitləri ciddiyə almamaqla özümüzü böyük riskə atmış oluruq.
Diqqət! Çöldə yemək yeyərkən belə təmizliyinə inandığınız bir yerdə yeməyiniz məsləhətdir, yəqin ki, heç biriniz parazitlər olan sezar və ya digər salatı yemək istəməzsiniz :)