Artroz – oynaq toxumasının degenerasiyası və distrofiyası ilə xarakterizə olunan xəstəlikdir. Artrozların səbəbləri arasında artıq çəki, oynaqların yüklənməsi, travmalar, infeksiyalar, allergik reaksiyalar durur. Artrozun formasından və gedişindən asılı olaraq müxtəlif oynaqlar zədələnə bilər – ən xırda oynaqlardan tutmuş fəqərəarası disklərə qədər. Lakin xəstəlik, əsasən iri oynaqları – bud-çanaq, diz, topuq oynaqlarını əhatə edir.
Artrozlar da artritlər kimi birincili və ikincili, yəni hər hansı bir xəstəliyin fəsadı kimi meydana çıxa bilər.
Xəstələr, xüsusilə axşam saatlarında güclənən və dincəldikdə sakitləşən ağrıdan, bədən hərarətinin 37 – 37,50C-dək yüksəlməsindən şikayətlənir. Sonrakı dövrdə oynaqlarda çox kəskin ağrılar yaranır, hərəkət tam məhdudlaşır və oynaqlar elə bil ki, “qıfıllanır”.
Dərman bitkiləri ilə müalicə
Qara qarağat yarpaqlarının dəmləməsi: 1 xörək qaşığı qara qarağat yarpaqlarını 500 ml qaynar suda 2-3 saat dəmlənir. Dəmləmə 2-3 qat tənzifdən süzülərək ilıq şəkildə, gündə 3-4 dəfə 1 desert qaşığından qəbul edilir.
Mərcangilə yarpaqlarının bişirməsi:
1 xörək qaşığı mərcangilə yarpaqları xırdalanır, üzərinə 250 ml qaynar su əlavə olunaraq vam odda qaynayanadək qızdırılır və 17-20 dəqiqə qaynadılır. Bişirmə soyuduqdan sonra süzülür və gün ərzində kiçik qurtumlarla içilir.
Zəncirotu otunun və köklərinin bişirməsi:
1 desert qaşığı zəncirotu otu və kökləri xırdalanaraq qarışdırılır, üzərinə 250 ml qaynar su əlavə olunur. Vam oda qoyulur, qaynama dərəcəsinə çatdırılır və 10-15 dəqiqə qaynadılır. Soyuduqdan sonra 2-3 qat tənzifdən süzülür. 5-7 gün müddətində gündə 4-5 dəfə bir desert qaşığından daxilə qəbul edilir.
Ayrıqotu kökümsovlarının bişirməsi:
2 xörək qaşığı quru və xırdalanmış ayrıqotu kökümsovlarının üzərinə 625 ml qaynar su əlavə olunur, vam oda qoyularaq qaynama dərəcəsinə çatdırılır. 20-25 dəqiqə müddətində bişirmənin 1/4 hissəsi buxarlanana qədər qaynadılır. Soyudulur və süzülür. Gün ərzində 2-3 dəfə 2 xörək qaşığından qəbul edilir.
Müalicə üçün həmçinin, yığıntılardan istifadə etməyiniz məsləhətdir.
I yığıntı:
Hərəsindən 1 xörək qaşığı gülümbahar çiçəkləri, ardıc meyvəsi, kövrək murdarça qabığı, hərəsindən 2 xörək qaşığı gicitkən yarpağı, qara gəndalaş çiçəkləri, hərəsindən 4 xörək qaşığı çöl qatırquyruğu otu və tozağacı yarpağı xırdalanır və qarışdırılır. Qarışıqdan 2 xörək qaşığı götürülür, üzərinə 350 ml qaynar su əlavə olunur, sonra ocağa qoyulur və 10-12 dəqiqə qaynadılır. Bişirmə soyuduqdan sonra 2-3 qat tənzifdən süzülür. Hər 2 saatdan bir 1/2 stəkandan qəbul olunur.
II yığıntı:
Hərəsindən 1 xörək qaşığı zəncirotunun, biyanın, atpıtrağının, kəcəvərin kökləri, kövrək murdarça qabığı, 2 xörək qaşığı üçrəng bənövşə otu xırdalanır və qarışdırılır. 2 xörək qaşığı yığıntının üzərinə 500 ml qaynar su əlavə olunaraq 10-15 dəqiqə qaynadılır. 2-3 qat tənzifdən süzüldükdən sonra gündə 2 dəfə bir stəkandan qəbul edilir.
III yığıntı:
3 xörək qaşığı qara gəndalaş çiçəkləri və 1 xörək qaşığı atşabalıdı meyvələri xırdalanır, qarışdırılır. Qarışıqdan 3 xörək qaşığı götürülür, üzərinə 250 ml qaynar su əlavə olunur, vam odda qaynama dərəcəsinə çatdırılır və 10-15 dəqiqə qaynadılır. Soyudulub süzüldükdən sonra gündə 3-4 dəfə 1/2 stəkandan daxilə qəbul olunur.
Alma şirəsi ilə müalicə:
Artrozların müalicəsi zamanı alma şirəsi faydalıdır. Almanın təzə sıxılmış şirəsi qanı təmizləyir, onun tərkibini normallaşdırır, həzmi yaxşılaşdırır ki, bunların tənzimi artrozların müalicəsində böyük rol oynayır. Alma şirəsi hər yemək zamanı yarım stəkandan qəbul edilir. |