Necə edək ki, HAVA və digər amillər ƏHVALımızı pozmasın?

Necə edək ki, HAVA və digər amillər ƏHVALımızı pozmasın?

İllər əvvəl mənim də əhvalım birbaşa havadan asılı idi, hava yaxşıdırsa kefim yaxşı idi, külək, soyuqdursa, nə kefim olurdu, nə də həvəsim.

Marafon ərəfəsində yazılanlardan və dost-tanışdan görürəm ki, çoxlarının məhz havaya görə əhvalı yoxdur, hamı günəşli, isti havanı gözləyir.

İstəyirəm bu problemdə də az da olsa köməyim dəysin.

İlk dəfə illər əvvəl əhvalımın, hətta motivasiyamın belə havadan və ümumiyyətlə digər amillərdən asılı olmasının bir adı olduğunu öyrəndim. Bunu Stephen Covey’in (Stiven Kovi) “The 7 habits of highly effective people” (Yüksək effektli insanların 7 vərdişi)  kitabından öyrəndim.

Hər kəsə bu kitabı oxumağı məsləhət görürəm (bizim dildə tərcüməsinin nə dərəcədə yaxşı olduğunu bilmirəm, original dildə və ya rus və türk dillərində oxuya bilərsiniz).

Keçək əsas məsələyə. Deməli, havadan, ümumiyyətlə ətraf faktorlardan asılı olan insana “reaktiv” deyirlər. Əgər hava yaxşıdırsa, reaktiv insanların əhvalı yaxşı olur, hava yaxşı deyilsə, onların əhvalı və produktivliyi də çox aşağı olur.  

Bunun əksi insanlar isə “proaktiv” adlanırlar. Onlar reaktivlərdən fərqli olaraq, havaya görə əhvalını pozmurlar, hətta  deyərdim ki, öz “hava”larını yaradırlar.

Bundan başqa, reaktiv insanların proaktivlərlə fərqi nələrdir?

Reaktiv insanlara xas ifadələr bunlardır:  “Mən bacarmaram”,  “Kaş ki”,  “Məcburam”.  Proaktiv insanlar isə vəziyyətdən və nəticədən asılı olmadan “Mən bacararam”, “Mən etmək istəyirəm” fikirləri ilə fərqlənirlər.

Reaktiv insanlar baş verən ilk uğursuzluqdan arzularından, məqsədlərindən əl çəkirlər. Proaktivlər isə heç nəyə baxmayaraq davam edirlər.

Bəs çıxış yolu nədir?

Əgər siz də reaktiv olmaqdan bezmisinizsə və hava da daxil olmaqla digər faktorların sizə mənfi təsir etməsini istəmirsinizsə, aşağıdakıları oxuyun.

Reaktiv olduğunuz vəziyyətləri anlamağa çalışın. Məsələn, avtobus gecikir, yaxşı yata bilməməsiniz və bu, sizi qıcıqlandırır. Bu halda düşünün ki, siz əsəbləşməklə bu vəziyyəti dəyişə bilərsinizmi? Odur ki, dəyişə bilmədiyiniz vəziyyəti qınamağa dəyməz. Bu halda ən yaxşısı özünüzü başqa bir vəziyyətə kökləmək və başqa məşğuliyyət tapmaqdır. Məsələn, musiqi dinləyin. Avtobusda sıxlıq zamanı qulaq asdığım musiqi çox köməyimə gəlir.

Düşüncələrinizə və gündəlik danışıq zamanı istifadə etdiyiniz fikirlərə diqqət edin. Neqativ fikirlər və düşüncələr çoxdursa, onları dəyişməyə çalışın. Bəli, bu, heç də asan deyil və hər şey sizə görə çox pisdirsə, bu məsləhət sizə absurd gələ bilər. Ancaq onu da bilin ki, dünyada yeniliklər edən və onu dəyişən insanlar həmişə istənilən vəziyyətdə  edəcəyinə inanan insanlar olub. Onlar heç də ilk dəfədən uğur qazanmayıblar. Əgər siz də reaktiv insanlar kimi yuxarıda qeyd etdiyim ifadələri çox işlədirsinizsə, bundan sonra hər dəfə “Mən bacarmaram!” fikri ağlınıza gəldikcə, onu dərhal dəyişməyə çalışın və “Mən bacararam!” deyə özünüzə təlqin edin. Bir neçə həftə sonra artıq sizin reaktiv yanaşmanız proaktivlə əvəz olunacaq.

 

Eynşteyn deyirdi ki, ən böyük axmaqlıq eyni şeyi edərək, fərqli nəticə gözləməkdir. Keçmişdə etdiyiniz səhvləri etməməyə çalışın, bir çox insan bir məqsədə çatmaq üçün eyni yolu dəfələrlə sınayır, əgər bir yol sizə kömək etmirsə, deməli onu dəyişmək vaxtıdır. Bir sözlə, keçmiş səhvlərinizdən dərs götürün.

Başqalarında səhv axtarıb, hadisələri və hər kəsi günahlandırmaqdansa, öz üzərinizə məsuliyyət götürün. Ancaq məsuliyyətli insanlar öz məqsədlərinə problemlərə və maneələrə baxmayaraq çata bilirlər.

 

Unutmayın ki, hər birimizinin seçim haqqı var və hadisələrə, baş verənlərə yanaşma məhz bizim seçimimizdir. Siz baş verən ən pis hadisəyə belə yanaşmanızı dəyişə və onu düzəltməyə çalışa bilərsiniz. Və ya tamamilə yeni çıxış yolları tapa bilərsiniz. Ya da əksinə şikayət edib, hər şeyə əsəbləşib “Niyə bunlar mənim başıma gəlir?” deyib özünüzü daha da pis vəziyyətə sala bilərsiniz.  

Həmçinin, Mövsümi depresiyadan necə qurtulaq? yazısı köməyinə gələcək.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top