Dəniz mövsümündə hər kəs qızılı, sağlam dəriyə sahib olmağı arzulayır. Bu gün sizə dərini uzun müddət qızılı rəngdə saxlamağın üsulları ilə tanış edəcəyik. Bu üsullarla həm də dəriniz təravətli, sağlam və gözəl görünüş alacaq.
- Duş qəbul etdikdən sonra dərinizi dəmlənmiş qara çay, təbii kofe ilə silin;
- Qara çay və kofedən hazırlanmış buz kubikləri ilə səhər, axşam üz və bədəninizi silmək kifayət edir;
- Yerkökü şirəsi ilə dərinizi silə və ya yerkökünün zeytun yağı ilə olan maskasından istifadə edərək dərinin rəngini tündləşdirə bilərsiniz;
- Çobanyastığı və yatıqqanqal bitkilərinin tünd dəmləməsi ilə yuyunmaq və ya buzla silmək də dərinin rəngini tündləşdirəcək.
Dərinin qızılı rəngdə olması üçün skrab:
Eyni miqdarda götürülmüş kofe (üyüdülmüş), dəniz duzu (apteklərdə satılır) və zeytun yağını qarışdırın, duş qəbul etdikdən sonra onu bədənə çəkib 5-10 dəqiqə gözləyin, daha sonra ilıq su ilə yuyun. Dəriniz bir qədər yağlı qalacaq, buna görə narahat olmayın, bir neçə dəqiqədən sonra yağ dəriyə hoparaq onu hamar və parıltılı edəcək.
Qeyd! Yerkökü ilə silinmək və maska eləmək çox açıq rəngli dəriyə sahib xanımlara məsləhət deyil, çünki dərinin rəngi narıncıya çala bilər. Bu məsləhət bir qədər tünd dəri sahibləri və artıq qaralmış xanımlar üçün qızılı rəngi və dərinin təravətini saxlamaq üçün məsləhətdir.
Dərini qızılı rəngdə saxlamağa kömək edən qidalar:
Dəri rənginin tündləşməsi və artıq qızılı rəngə çalan dərinin uzun müddət belə qalması üçün qida rasionunuza rəngli, daha dəqiq desək, sarı, narıncı, qırmızı meyvə və tərəvəzlərdən hazırlanan salatlar və şirələr əlavə edin. Bunlara yerkökü, çuğundur, şaftalı, ərik, balqabaq aiddir.