Həyat tərzimiz, yeyib-içdiklərimiz, hətta saat neçədə oyanıb-qalxmağımız belə bizi eybəcər və ya gözəl göstərə bilər :)
Bədəndə olan artıq maye isə bizi olduğumuzdan bir neçə kq daha kök, halsız, yaşlı göstərir ki, bu da özümüzə olan dəyər və inamı ağaşı salır. Deyəcəksiniz ki, hardan hara :) Bəli və müşahidə eləsək bir çox qadının bu problemlə üzləşdiyini görəcəyik.
Bu haqda daha ətraflı.
Qadınlarda ilk növbədə ödem (şişkinlik) aybaşıdan əvvəl çox şişkinlik yarada bilər. Lakin bu, keçicidir və səbəblərdən biridir.
Gəlin, baxaq hansı qadınların bədəni artıq maye saxlamağa meyllidir?
- Səhər gec oyananlar
- Yeməklərə çoxlu duz əlavə edən və tərkibində duz olan qidalardan çox istifadə edənlər (turşu, çipsi və s.)
- Gün ərzində çoxlu çay, kofe, qazlı su, spirtli içkilər içərək su tələbatını ödədiyini düşünən qadınlar (bədənin su tələbatını ancaq təmiz su ödəyir, bunu unutmayın). Üstəlik bu içkilər bədəndən lazımlı mayeni qovaraq susuzluq yaratmış olurlar.
- Passiv həyat tərzi (və ya oturaq iş rejimi, günboyu ayaqüstə iş) daha çox ayaqlarda şişkinlik yaranmasına gətirib çıxarır
- Maddələr mübadiləsi zəif olanlarda
Şişkinliyi aradan qaldırmağın yolları
Daha çox təmiz su
İlk növbədə su içməyi öyrənmək lazımdır, su içməyə başladıqda bədənimiz artıq mayeni saxlamağa ehtiyac görməyəcək, həmçinin su tələbatı ödənəcək. Artıq bir neçə gündən sonra bədəninizdən lazımsız ziyanlı birləşmələr çıxaraq siz özünüzü yüngül və enerjili hiss edəcəksiniz.
Daha az duz
Duz qədər ikinci şişkinlik yaradan qida yəqin ki, yoxdur. Gündəlik yeməklərimizə əlavə etdiyimiz rafinə olunmuş duzun tərkibi Na elementi ilə zəngindir, bu element isə öz növbəsində bədəndə mayenin saxlanmasına səbəb olur.
İlk növbədə rafinə olunmuş duzu mətbəxinizdən uzaqlaşdırmaq lazımdır. Rafinə olunmuş duz əvəzinə tərkibində Na miqdarı daha az olan duzlar (marketlərdə satılır) və ya himalaya duzu, dəniz duzundan istifadə etməyiniz məsləhətdir (onlardan da norma daxilində). Qeyd etdiyim duzları marketlərdə asanlıqla tapa bilərsiniz.
Unutmayın ki, daha az duz daha cavan, daha gözəl dəri və bədən deməkdir :)
Hərəkətdə olmaq
Maddələr mübadiləsini yaxşılaşdırmaq üçün fiziki məşqlər çox vacibdir, bunun üçün siz gəzinti, qaçış, fitnes, Yoqa, istənilən məşqlə məşğul ola bilərsiniz (fiziki məşqlərlə bağlı saytın “Hərəkətdə ol” bölməsindən məlumatlana bilərsiniz).
Həftədə bir dəfə detoks günü etmək (bədəni toksinlərdən azad etmək), gün ərzində meyvə, tərəvəzlərdən hazırlanmış salatlar, meyvə şirələri içmək məsləhətdir.
Xüsusilə, balqabaq şirəsi bədəndə yığılan artıq mayeni çıxarmağa kömək edir.
Duz vannası qəbul etmək
Vannadan 2 saat əvvəl və 1 saat sonra qida qəbulu olunmamalıdır.
Bizi artıq mayedən azad edən həm də bitki dəmləmələridir
Nanə, melissa, itburnu, almanın qurudulmuş qabığı.
Bu meyvə və tərəvəzlərin istifadəsi sizi ödemlərdən qurtaracaq
Kərəviz, cəfəri, turşəng, çuğundur, xiyar, zukkini, badımcan, kartof, kələm, balqabaq, şaftalı, alma, çiyələk, qara gavalı, kişmiş, ərik qurusu.
Bədəndən artıq mayeni çıxarmaq üçün bunları etməyiniz məsləhət deyil:
- sidikqovucu dərmanlar və çay qəbul etmək
- su içməyi dayandırmaq
Sonda onu qeyd edim ki, əgər siz üz, ayaqlar, ümumiyyətlə bədəndə davamlı olaraq şişkinlik hiss edirsinizsə, mütləq həkimə müraciət edin, çünki ödem orqanizmdə, xüsusilə də böyrəklər və ürəkdə, həmçinin hormonal pozğunluq olduğuna işarədir.