Pul xərcləmədən, idman zalına getmədən və əziyyət çəkmədən artıq kilolardan azad olmaq və sağlam olmaq istəyən hər kəs sürətli gəzişi sınaqdan keçirməlidir.
Sürətli gəzintiyə başlamadan əvvəl bunlar bilmək lazımdır:
1. Sürətli gəzmə xüsusi tempdə olmalıdır. Aşağı sürətlə başlayıb, tədricən sürəti artırmaq və sonra sürəti yenidən azaltmaq lazımdır. Məsələn, 40 dəqiqə yerimək üçün, ilk 5 dəqiqə aşağı sürətlə, 30 dəqiqə yüksək sürətlə və son 5 dəqiqə yenidən aşağı sürətlə olmalıdır;
2. Xüsusilə artıq çəkidən qurtulmaq istəyənlər həftənin ən azı 4-5günü (bir gün dincəlmək vacibdir) gündə ən azı 40 dəqiqə olmaqla gəzməlidirlər;
3. Gəzməyə boş mədə və ya çox yüngül yedikdən yarım saat sonra çıxmaq lazımdır;
4. Rutin yeriməyə bədən zamanla öyrəşir və reaksiya vermir. Ona görə də gəzintinin müddətini və sürətini artırıb-azaltmaq lazımdır;
5. Yüngül paltar və rahat idman ayaqqabısı geyinin;
6. Yeriyərkən beli düz tutmaq vacibdir. Çox böyük addımlar atmaq lazım deyil. Gəzərkən qollar və ayaqlar bir-birinə əks istiqamətdə hərəkət etməli, qarın əzələləri içəri salınmalıdır;
7. Ürək-damar və arterial təzyiq problemləriniz varsa, aşağı sürətlə gəzin;
8. Hansı idman növü ilə məşğul olmağınızdan asılı olmayaraq başlanğıcda isinmə və sonda dartınma hərəkətlərini etməyi unutmayın. Beləliklə, əzələ qıcolması və ağrıların qarşısını almış olacaqsınız.
Diqqət:
• Şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər həkim nəzarətində olmalıdırlar;
• Çox isti havada gəzmək olmaz;
• Ağır yeməkdən sonra sürətli yerimək olmaz;
• Arıqlamaq üçün yeriyərkən bədəni sarımaq olmaz;
• Gəzişdən əvvəl və sonra su içmək lazımdır.
Hər birinizə faydalı gəzinti arzusu ilə :)