Az yeməyin 8 qaydası

Az yeməyin 8 qaydası

Əziz  xanımlar, “Niyə yeməkdən doymuruq?” mövzusunu sizin üçün işıqlandırdıq. Söz verdiyimiz kimi, bu gün mövzunu davam  edib “Necə az yeyək?” sualına cavab tapmağa çalışacağıq.

 Biz vərdişlərimizdən ibarətik!

Həyatımızı yaradan vərdişlərdir, bunu qəbul etməsək də bu, danılmaz bir faktdır. Gündəlik etdiyimiz hər şey vərdişlərə əsaslanır. Heç kim səhər durub birdən əsəbi olduğunu və ya 20 kq artıq olduğunu kəşf etmir.

Həyatımızdakı, sağlamlığımızdakı bütün dəyişikliklər hər gün yediyimiz, içdiyimiz, düşündüyümüz, söylədiklərimiz, etdiklərimiz nəticəsində formalaşır.

Yemək mədəniyyəti belə vərdişdir. Kiçik yaşlarımızdan bizə öyrədilən bəzi “qaydalar” əslində sağlamlığımızı qorumaq üçündür, yoxsa mifdir? Hansı vərdişlər bizim yalnız ziyanımıza işləyir?

Gəlin, suallara cavab tapaq.

Qayda 1

Demək olar ki, hamımız yemək yeyəndə tez-tez yeyirik, tələsirik, amma heç kim soruşmur ki, axı hara tələsirik, nə xəbərdir? Yemək ən azı 30 dəqiqəyə yeyilməlidir, bunu bir qayda olaraq yadda saxlayın. Yediyinizi yaxşıca çeynəyin ki, mədəniz də onu normal həzm edə bilsin. Həmçinin, yaxşı çeynənilən qida yeməyin vaxtının uzanmasına, asta-asta yeyilməsinə və ən nəhayət, beynimizə doyma siqnalının çatmasına səbəb olur. Bu halda siz nəinki ikinci boşqabı istəyəksiniz, hətta birincini belə tam bitirməmiş doyacaqsınız.

Qayda 2

Uşaq yaşlarımızdan “qabda yemək qoyma”, “təmizlə, yoxsa nişanlın eybəcər olar” kimi valideyn məsləhətlərini hamımız eşitmişik. Süfrədən nəinki doyub, hətta doymayıb qalxmaq ən düzgün yanaşmadır, çünki yalnız 20 dəqiqədən sonra siz doyub-doymadığınızı biləcəksiniz.

Qayda 3

İştahınız olmayanda yeməyin, özünüzü məcbur etməyin, iştahsızlıq çox hallarda bədənin təmizlənmək istəyini göstərir. Nə özünüz, nə də ailə üzvlərinizi yeməyə məcbur etməyin.

Maraqlı yanaşmalardan biri həm də yeməyə “heyfi gəlmək”dir. Analardan “bəs uşağımın qabağında yemək qalır, onu zibilliyə atım?” cümləsini az eşitmirik. Deməli, yeməyi atmaq heyfdir, amma mədəni korlamaq və piyləri artırmaq yox.

Qayda 4

Demək olar ki, hər xanımın mətbəxində televizor var. Yemək yeyəndə fikrinizi dağıdacaq şeylərdən uzaq olmaq lazımdır, elə biri, televizor. Daha sonra internetdə mesajlaşmaq, Facebook və Instagram’da statuslara şərh yazmaq, kitab oxumaq və s. Məsələn, televizora baxarkən özünüz belə bilmədən fikriniz yayınır və daha çox yeyirsiniz. Digər zərərli tərəfi isə daha sonra bunun vərdiş halına gəlməyi olur və siz digər otaqlarınızda olan televizorların qarşısında belə nə isə atışdırmadan dayana bilmirsiniz.

P.S. Yemək verilişləri və yeməklərlə dolu reklamlara az baxın.

Qayda 5

Soyuducunuzu nə ilə gəldi doldurmamaq üçün marketə gedərkən mütləq siyahı tutun və yalnız siyahıdakıları alın, yoxsa ətrafınızdakı “lazımsız gözəlliklər” sizin mədənizdə olacaq. Beləliklə, siz həm evin büdcəsinə, həm də bədəninizə böyük yaxşılıq etmiş olacaqsınız.

 Qayda 6

Mətbəxə girərkən o dəqiqə soyuducuya qaçıb  “görüm orda daha nə var yeməyə?” vərdişini tərgidin.

 Qayda 7

Dostlarınızla birlikdə yığışarkən həmişə tək olduğunuzdan daha çox yeyirsiniz, ona görə hər gün işlə bağlı və ya hər hansı səbəbdən evdə yeməyən xanımlar, bunu nəzərə alın. “Dostların xətrinə” hər şeyi yemək lazım deyil.

Qonaq gedərkən “ev yiyəsinin xətrinə dəymək olmaz”, “hər şeyin dadına baxmaq lazımdır” kimi  “qanun”ları da unudun getsin.

Qayda 8

Dəbdən geri  qalmamaq istəyimiz isə yeməkdən sonra mütləq delikates, çay və s. yeridilmiş qaydaları həyatımıza daxil etməyə, nəticədə daha çox yeməyə, yemək üçün daha çox  pul xərcləməyə və  xərclədiyimiz pulun da  elə öz ziyanımıza işləməsinə gətirib çıxarırıq.

 Qeyd! Aclıq dediyiniz hiss çox hallarda bədənin suya olan ehtiyacını göstərir, onu içdikdə aclıq hissi də keçir. Odur ki, ac olanda su için, əgər aclıq keçdirsə deməli, siz heç də ac deyilsiniz :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top