Dəriyə qulluq deyəndə bəlkə də ağla gələn ilk şey üz maskalardır. Onlar arasında o qədər müxtəlif tərkibli, müxtəlif dəri tipinə uyğun olanları var ki, bəzən nəyi, necə qoymaq lazım olduğu sualları yarana bilər.
İstənilən şeydən fayda götürmək üçün onu düzgün şəkildə tətbiq etmək lazımdır, o cümlədən də bütün gözəllik prosedurları və maskaları.
Maskalar vasitəsilə siz dərinizi daima təmiz, parlaq, təravətli, qırışsız və elastik saxlaya bilərsiniz.
Təbii ki, qaydalara riayət etməklə:
- Maska mütləq şəkildə makiyaj və dəridə olan artıq hər şeydən təmizlənmiş dəriyə qoyulmalıdır. Bunun üçün üzü gel və ya skrabla təmiz yumaq lazımdır. Təmiz dəridə artıq məsamələr açıq olduğundan maskanın effekti də çox daha yaxşı olacaq. Bundan başqa, maskadan əvvəl dərini bir az buxara vermək yaxşı olardı, bunun üçün müxtəlif otlardan istifadə etmək məsləhətdir;
- Rahatlığınız üçün əvvəlcədən bunları hazırlayın: bint ya tənzif (maska axdıqda ora-bura qaçmayasınız deyə), maskanı yumaq üçün ilıq su: yağlı dərilər üçün limon suyu sıxılmış, quru dərilər üçün çobanyastığı dəmləməsi;
- Maskanı göz və ağız ətrafına sürtmək olmaz, yalnız müəyyən yağları, məsələn, jojoba, çaytikanı yağları. Onlar gözətrafı dərini qidalandırır və kiçik qırışları aradan qaldırır;
- Maska üz cizgilərinə uyğun qoyulmalıdır: dodaq kənarından qulaqlara tərəf, alın nahiyəsində qaşların ortasından yuxarı və kənarlara, çənəaltından qulaqlara doğru, burnun kənarlarından ucuna və burnun kənarlarından qulağa doğru. Göz üçün nəzərdə tutulmuş yağları isə gözün kənarından başlayaraq içəri tərəf sürtmək lazımdır;
- Meyvə, tərəvəzlərdən maska etmək fikrindəsinizsə, mütləq təmiz və təzə meyvələrdən istifadə edin;
- Hər maskanın saxlama vaxtı var, lakin bu, adətən 10-20 dəqiqə arasında dəyişir. Üzünüzdə maska olan vaxt danışmaq, gəzmək, iş görmək məsləhət deyil, belə ki, maska qoyulduqda dəri rahatlamış vəziyyətdə olmalıdır ki, yaxşı effekt əldə edə biləsiniz. Bunun üçün uzanmaq məsləhətdir;
- Bütün işlərdə nəticə almaq üçün davamlılıq vacibdir, eləcə də gözəllik prosedurlarında, bunun üçün maskanı ayda bir dəfə deyil, məsələn, həftədə iki-üç dəfə olmaqla 8-10 seans kurs şəklində etmək lazımdır. 2-3 həftədən sonra yenidən digər tərkibli maskalardan istifadə edə bilərsiniz;
- Maskadan sonra üzünüzdə qızartı, səpgilər, şişmə müşahidə olunsa, deməli maskanın tərkibindəki hər hansı maddəyə qarşı allergiyanız var. Ən çox istifadə olunan məhsullar olan bal və limon belə allergiya verə bilir. Ona görə allergiyaya meyliniz varsa, yaxşı olar ki, maskanı qoymamışdan əvvəl əlinizin bir hissəsinə qoyub yoxlayasınız. Bundan başqa, sitrus və rəngli meyvələr də allergik reaksiyalar verə bilir;
- Öz dəri tipinizi müəyyən edin, yağlı, quru və ya kombinə olunmuş olduğunu öyrənin, daha sonra məhz dəri tipinizə uyğun maskalarla üzünüzə qulluq edin.