Əziz xanımlar, bu gün həftəni məhz sizin üçün müştəri xidmətləri, təqdimat bacarıqları üzrə korporativ təlimçi, satış, liderlik bacarıqları və tədqimat dizaynı üzrə konsultant, bir sözlə ölkəmizin ən yaxşı təlimçilərindən və bir çoxlarının motivasiya mənbəyi olan Coşqun Kərimovdan stimul verəcək bir yazı ilə başlamağa qərar verdik :)
Həftəni necə başlamaq lazımdır? Cavab çox sadədir.
Həftənizi təslim olmaqla başlayın! Bəli, təslim olun! Aciz olduğunuzu qəbul edin!
Daxili imkanlarınızın, daxili gücünüzün, yaradıcı QÜVVƏnizin qarşısında aciz olduğunuzu qəbul edin!
İçinizdə yaşayan xəyalların, hədəflərin və fikirlərin mühasirəsi altına düşün!
İçinizdə olan hisslərin hücumuna məruz qalın!
Super ideyanız varsa ətrafa deyin! Demək istəmirsinizsə, yazın. Yazın, amma özünüzdə saxlamayın. Həmin kağızı küçəyə atın. Qoyun heç olmasa, yoldan keçənin həyatı dəyişsin!
Uzun müddət kiməsə nə isə demək istəmisinizsə, deyin! “Çox sağ ol” və ya “Üzr istəyirəm” kimi sözlər deyin. İllərini sizə vermiş valideynlərin üzərinə şığıyın və onları qucaqlayın!
Orucu tutursunuz, əladır. Ancaq həyatınıza dəyər qatacaq və onları məna dolu edəcək fürsətləri də tutun. Sizin üçün vacib olan insanlardan (sevdiklərinizdən) əlinizdə tutduğunuz siqarət çubuğundan yapışdığınız kimi yapışın və onları bir nəfəsə içinizə çəkin! Qoyun ciyərlərinizdə xoş münasibət və təəssüratların tüstüsü dolsun!
Təqdimatınız varsa, kütlənin qarşısına çıxın və kütləyə təslim olun! Onlara istədiyini verin! Satış etməlisinizsə, müştəriyə təslim olun! Ona istədiyini verin! Yazı yazmalısınızsa, içinizdə öz növbəsini səssizcə gözləyən söz ordusuna təslim olun və yazın!
Unutmayın ki, təslim sözünün 83+% -i ƏSLİM sözüdür. Əslinizi, əsl özünüzü kəşf edin! Onun qarşısından çəkilin! Sizə istiqamət verməsinə icazə verin!
Həftənizi bu yazıya təslim olmaqla başlayın və həyatınızın ən unudulmaz həftələrini yaşayın!