Xanımlara “İdmanla məşğul olmaq lazımdır” deyəndə çox vaxt eşitdiyim: “Onsuz da bütün günü evdə iş görürəm də” olur.
Deyim ki, bu, çox yalnış düşüncədir. Niyə? “Niyə”-lər çoxdur. Bəzilərini bölüşmək istəyirəm.
Birincisi: siz ev işi görərkən, bədəniniz üçün heç də faydalı olmayan vəziyyətlərdə olursunuz. Məsələn, qab yuyanda, yemək hazırlayanda, əyilib iş görəndə və s.
Adətən, qab yumağa başlayandan bir neçə dəqiqə sonra beliniz ağrımağa başlayır. Düzdür? Bu ağrılar xüsusilə bel əzələləri zəif olan və idmanla məşğul olmayan xanımlarda daha kəskin olur.
İkincisi: həm işləyən, həm də ev işləri görən xanımlara məişət işlərinin çoxluğu emosional bir yükdür və daima üzərində bu qədər məsuliyyəti daşıyan qadınlar heç cür, nə fiziki, nə mənəvi dincələ bildiyindən daha çox xroniki yorğunluqdan əziyyət çəkirlər. Bu stress nəticədə yüksək təzyiq, ürək-damar problemləri və başqa problərə gətirib çıxara bilir.
Hələ ağırlıq qaldırmaqdan danışmıram, bədəninizə yazığınız gəlsin. İdman zallarında belə ağırlıq qaldıran insanlar bu ağırlığa tədricən öyrəşir.
Həm ev işi görən, həm də idmanla məşğul olan biri kimi deyə bilərəm ki, ev işlərindən sonra hiss etdiyim fiziki yorğunluq, həmçinin mənəvi əzginliklə idman zalından sonra çıxanda hiss etdiyim gümrahlıq və yüksək əhval ruhiyyəni müqayisə belə etmək olmaz.
Bəli, evin təmizliyi vacibdir, lakin sağlamlığımız və xoşbəxtliyimiz ondan da vacibdir.
Uzun zamandır müşahidə etdiyim bir şeyi də sizinlə bölüşmək istəyirəm. Özünə vaxt ayıran, özünü inkişaf etdirən, öz arzularını digərlərinə qurban verməyən, onların reallaşması üçün əlindən gələni edən qadınların gözlərində həmişə o möhtəşəm parıltını görürəm. Həyatı məişət rutini ilə dolu olan qadınlar isə özünü çox vaxt lazımsız, bacarıqsız hesab edir və özünə inamsız olurlar. Daha çox depresiyaya meyli olur və çox vaxt mənəvi boşluqdan əziyyət çəkirlər.
Eyni cinsin nümayəndəsi kimi demək istəyirəm ki, ancaq inkişafınıza ayırdığınız vaxt sizi xoşbəxt edə bilər, başqa heç nə…