fbpx

Maddi krizis günlərində 1-2 manata nə yemək olar?

Maddi krizis günlərində 1-2 manata nə yemək olar?

Mən də çoxları kimi aylıq gəliri olan biriyəm, bu günlərdə güvənəcəyim bankda əlavə hesabım filan da yoxdur. 🙂 

Karantin günlərində çoxunun işinin dayandığı kimi mənim də işlərim dayanıb, buna görə də “Mən nə edəcəm?!” deyib panikaya düşməkdənsə, bu halda əlimizdə olan pulu maksimum necə qənaətlə işlədə bilərik, bu haqda düşünməliyik.   

Ona görə də sizinlə qiymətləri 2 manatdan çox olmayan qidalar və onlardan hazırlaya biləcəyimiz yeməklər barədə bölüşmək istəyirəm.

Yaşıl mərci. Ucuz, doydurucu, dadlı və faydalı. Qiyməti 2 manata qədər.

Bir neçə tanışımdan “Yaşıl mərci nədir?” sualını eşidəndən sonra başa düşdüm ki, yaşıl mərci qırmızı mərci qədər tanınmır. 

Yaşıl mərci

Yaşıl mərci də qırmızı mərci kimi bütün marketlərdə satılır. İllərdir ən çox istifadə etdiyim qidalardan biri kimi deyə bilərəm ki, qırmızı mərcidən çox daha doyumlu saxlayır və təbii ki, daha az miqdarda bişirsəniz belə daha uzun müddətə bəs edir.

Yaşıl mərci qırmızıdan fərqli olaraq tez hazırlanmır. Noxud və lobyada olduğu kimi, yumşalması üçün axşamdan suya qoymaq lazımdır.  

Yaşıl mərcidən qırmızı mərci, lobya kimi eyni qaydada müxtəlif dadlı və sağlam tərəvəz şorbaları bişirə bilərsiniz.

Bundan başqa, mərci kotleti və fotoda gördüyünüz kimi toplar şəklində quru yeməklər hazırlaya bilərsiniz.  Özüm tez-tez hazırladığım üçün deyə bilərəm ki, mərcidən olan kotlet onun şorbasından çox-çox daha doyumludur və uzun müddət insanı tox saxlayır.   

Yaşıl mərcini həm də salatlara əlavə edərək onları daha qidalı, doyumlu və faydalı edə bilərsiniz.   

Hardan alıram? Yaşıl mərcini son bir ildir OBA marketlərdən alıram, çünki evimizə yaxın digər marketlərlə müqayisədə orda daha ucuzdur.  

Qırmızı mərci. Tez bişən, faydalı və doyumlu. Qiyməti 2 manata qədər.   

Qırmızı mərcini hamımız türklərin məşhur mərci şorbasından tanıyırıq.

Düşünürsüz ki, ondan başqa nə hazırlamaq olar? Qırmızı mərcidən də yuxarıda qeyd etdiyim kimi dadlı kotletlər hazırlaya bilərsiniz. Bəli, sizə təəccüblü gələ bilər, ancaq həm mərci, həm də lobyadan çoox dadlı kotletlər alınır.     

Zülalla zəngin qidadır, ona görə idmanla məşğul olanlar, arıqlamaq istəyənlər və ən nəhayət az yeyib doymaq istəyənlər üçün əla qidadır. 

Qarabaşaq. Dünyanın ən sağlam və faydalı qidalarından biri.  Qiyməti  2 manata qədər.  

Vaxt var idi, kilosunu 40-50 qəpiyə alırdıq. Qarabaşaq elə bir qidadır ki, onu bir neçə qaşıq belə olsa hər gün hamı yeməlidir. Onu da hər gün az miqdarda əlavə yemək kimi hazırlasanız, daha uzun müddət istifadə edə, yemək çeşidini çoxalda və sağlamlığınızla bərabər cibinizə də xeyir vermiş olacaqsınız.

Dadına görə qarabaşağı çoxları sevmir, lakin onu məsələn ət suyunda (indiki halda ət bahalı məhsul olduğu üçün sümük suyunda bişirə bilərsiniz, çox dadlı olur) bişirib yanında da müxtəlif tərəvəzlərdən salat hazırlasanız iştahla yeyə biləcəyinizə əminəm.  😋

Mən, məsələn, qarabaşağı sevdiyim kələm salatı, müxtəlif tərəvəzlərlə qatıb rahat yeyə bilirəm. Instagram profilimdən daha çox məlumat ala bilərsiniz.  https://www.instagram.com/arzununbloqu/

Göyərtilər. Gündəlik vitaminlərimizi alacağımız çox faydalı və çox ucuz qida. Qiyməti 10-20 qəpik arası. 

Evimizin yanında biri 10 qəpiyə alırdım, bu gündən qiymətlər 15 qəpik oldu, ancaq yenə də baha sayılmaz, təbii ki. 10 qəpiyə tapsanız 1 manata 10 göyərti almaq olar, məncə indiki dövrdə 1 manata göyərtidən çox heç nə almaq olmaz.  🤔

Göyərtidən hazırlanan ən çox sevdiyim yemək küküdür. Həm dadlı, həm faydalı, həm də çox ucuz. Səhər və ya günorta yeməyini kükü ilə əvəz edə bilərsiniz.  

Smuzi sevənlər üçün də göyərti həm qiymətinə görə, həm faydasına görə idealdır.

Arıqlamaq istəyənlər, bədəninə fayda verib qənaət etmək istəyənlər bir yeməyin əvəzinə göyərtilərdən smuzi edib içə bilərlər.    

Məsələn, ispanaqlı smuzi haqqında yazdığım “Arıqladan ispanaqlı smuzi reseptləriburadan oxuya bilərsiniz.

Virusdan qorunduğumuz bu dövrdə göyərti, həmçini meyvə, tərəvəzi təmiz yumaq çox vacibdir. Necə yuyaq? Bu yazımda oxuya bilərsiniz.  

Hardan alıram? Meyvə-tərəvəz də daxil olmaqla göyərtiləri ancaq meyvə-tərəvəz mağazalarından alıram, çünki marketdəkilərdən fərqli olaraq çox vaxt təzə və təbii ki, daha münasib qiymətə olur.

Yumurta. Ucuz, doydurucu, dadlı və faydalı. Qiyməti 15-20 qəpik arası.

Təkcə 1 ya 2 yumurta ilə gündə yediyiniz 3 yemək porsiyasının birini rahat əvəzləyə bilərsiniz. Eyni yeməklərdən bezən adam kimi məsləhətim odur ki, məsələn, səhər yeməyinə bir gün soyutma yumurta, başqa günlərdə omlet, kükü və s. hazırlayın. Xüsusilə də idmanla məşğul olub arıqlamaq istəyirsinizsə, bir çox dietoloq və məşqçilərin məsləhət gördüyü kimi hər səhər 2 (hətta 5-6 yumurta) yumurta yeməyi düzgün hesab etmirəm.  

Niyə? Çünki bizi sağlam qidalanmadan uzaqlaşdıran əsas səbəblərdən biri də hər gün eyni tipli yeməkləri yeməkdir. Hər gün yediyimiz eyni yeməklər bizi bezdirir və fərqlilik istədiyimiz üçün yenidən əvvəlki rejimə qayıtmağa səbəb olur.   

Ona görə bütün əməyiniz boşa çıxmasın deyə bu məqamı mütləq nəzərə alın.

Onu da deyim ki, mənə görə yumurta ancaq səhər yeməyi üçün deyil. Onu müxtəlif ədviyyatlarla, pendirlə qarışdırıb bişirərək, düyü, qarabaşaq, püre ilə birlikdə rahat günorta yeməyi kimi yeyə bilərsiniz.  😋

Hardan alıram? Yumurtanı ancaq marketlərdən alıram, təbii ki, mən də təbii, həyətdə xoşbəxt gəzən toyuğun yumurtasını çox sevirəm və olanda ancaq ona üstünlük verirəm.  

Ancaq təəssüf ki, mevyə-tərəvəz mağazalarında satılan həyət yumurtaları çox vaxt xarab olur. Üstəlik indiki vəziyyətdə gigiyenik qaydalara kimin nə dərəcədə riayət etdiyini bilmirik, ona görə də xüsusilə indiki halda yumurtanı ancaq marketdən almağı məsləhət görürəm.  

Təzə kələm. Ən sağlam və ucuz qidalardan biri. Qiyməti 65-80 qəpik.

 

Demək olar ki, hər gün yediyim tərəvəzdir. Təzə kələmin hazırda kilosu 65-80 qəpiyədir. Bəzi yerlərdə 1 manata da görmüşəm. Bir kilo belə olmayan təzə kələmdən rahat şəkildə iki dəfə bir neçə dəfəyə çatacaq qədər salat hazırlaya bilərsiniz.  

Mənə görə çox doyumludur, təbii ki, kələmi tək yeməyi heç kim sevmir. Mən onu azca duzla ovduqdan sonra üzərinə sürtgəcdən keçirilmiş yerkökü, bol göyərti, xiyar (olmasa da olar), sarımsaq doğrayıram. Üzərinə isə limon sıxıb zeytun yağı əlavə edirəm və çoox dadlı bir salat olur.

Gördüyünüz kimi, bu reseptin qiyməti də kifayət qədər ucuz başa gəlir. 🤗

Təzə kələmdən başqa, adi kələm, qırmızı kələm, brokkoli 🥦 və gül kələmindən də ucuz və faydalı yeməklər hazırlaya bilərsiniz.  

Hər gün bir yemək porsionunuz, məsələn axşam yeməyinizi kələm salatı ilə əvəz etsəniz həm cibinizə, həm də sağlamlığınıza böyük fayda vermiş olacaqsız.

Hardan alıram? Kələm və digər tərəvəzləri ancaq meyvə-tərəvəz mağazalarından alıram. Səbəbini yuxarıda qeyd elədim.

Yerkökü. Çoox faydalı və ucuz. Qiyməti 2 manata qədər.

  

Yerkökünü demək olar ki, bütün yeməklərimə, salatlarıma əlavə edirəm. Ən çox təbii ki, vitaminləri ölməsin deyə çiy şəkildə istifadə etməyə çalışıram.

Yerköküdən tək salat da hazırlamaq mümkündür. Bunun üçün onu sürtgəcdən keçirib ,üzərinə limon sıxıb zeytun yağı və göyərti əlavə etmək kifayət edir. Çox dadlı və faydalı salat olur.

Bir az fantaziyanızı işə salsanız və internetdə araşdırma edib bir çox maraqlı və faydalı reseptlər tapa bilərsiniz. 😉

Çuğundur. Ucuz və həzm sistemi üçün ən faydalı bitkilərdən biri. Qiyməti 1-2 manat arası.

Təəssüf ki, nə qədər faydalı olsa da çox adam çuğunduru sevmir, onu ancaq mən gördüyüm qədər borş üçün istifadə edirlər. Halbuki şirəsindən tutmuş soyutmasına qədər mütləq istifadə olunmalı çox faydalı bir bitkidir.

Çuğundurdan da salat hazırlamaq olar, təbii ki. Mən məsələn, soyutma kimi bişirib üzərinə soyutma kartof, soğan, göyərti, zeytun yağı əlavə edirəm. Sizə qəribə gələ bilər, amma dadı çoox qəşəng olur. 😋 Doyumlu və faydalıdır deməyə məncə ehtiyac yoxdur. 😉 Məncə mütləq hazırlayıb dadına baxın.

Əgər borş sevirsizsə və indiki vəziyyətdə ət almaq imkanınız yoxdursa, eyni reseptlə sümük suyunda borş hazırlaya bilərsiniz. Düşünürsüz ki, ətsiz dadı  necə olacaq? Siz onu sümük suyunda bişirin və görəcəksiz ki, dadı necə yaxşıdır. 😋

Bulqur. Doyumlu, zülal və vitaminlərlə zəngin qida. Qiyməti 2 manata qədər.  

Türk mətbəxindən tanıdığımız, bizim süfrələrimizdə də son vaxtlar gördüyümüz növbəti faydalı və dadlı bir qida bulqurdur.  Ondan ən çox plov hazırlayırlar. Əvvəllər bulquru çox hazırlayırdım və deyə bilərəm ki, həqiqətən çox dadlı və ən əsası doyumlu və bərəkətli bir qidadır. Bir az bişirirsən, çoxalır. Bir sözlə, bu günlər üçün ideal qidadır.  

Bulqurdan yalnız bulqur plovu deyil, fotoda gördüyünüz kimi dairə kürəciklər şəklində çox dadlı yemək hazırlaya bilərsiniz. İnternetdə kifayət qədər çox resept tapa bilərsiniz.

Noxud. Doyumlu, zülalla zəngin. Qiyməti 2 manata qədər.

    

Noxuddan ən çox şorba hazırlayıram, bir qabı ilə belə doymaq olur. Siz ətsevən birisinizsə, onu sümük suyunda bişirə bilərsiniz, həm daha qənaətli, həm də dadlı olacaq.

Vegetarianlar noxuddan məşhur falafeli hazırlayırlar. Çoox dadlı bir yeməkdir və inanılmaz tox saxlayır. Bloqumdan hazırlanma qaydasını öyrənə bilərsiniz.

Bundan başqa, noxudu yediyiniz istənilən tərəvəz salatına əlavə edə bilərsiniz, həmin salatı çox daha doyumlu edəcək.

Hardan alıram? Çox aldığım üçün hələ də evdə var. Ancaq ucuz qiymətə bu günlərdə Kənddən Şəhərə mağazasının saytında gördüm, onlayn sifariş verə bilərsiniz.

Un. Ucuz, faydasız, doyumlu və bərəkətli.  Qiyməti 2 manata qədər.

Faydalı olmasa da, undan demək olar ki, heç nə hazırlamasam da bir paket undan bir çox yeməklər hazırlayıb, uzun müddət istifadə etmək olar.  

Undan evdə özünüz çörək, qutab, əriştə, blinçik və bir çox müxtəlif yeməklər hazırlaya bilərsiniz.   

Bu günlərdə ən çox alınan və ilk ağla gələn təbii ki,  kartof və soğandır.

Deyə bilərsiz ki, onlar da ucuzdur. Bəli, ucuzdur, ancaq tək kartof və tək soğandan ucuz və doyumlu yemək etmək çətindir.   

Əlavə olaraq ət və s. almalısınız. Həm də kartof və soğan tez xarab olur. Üstəlik bu günlərdə qiymətlərinin qalxdığını gördüm. 

Odur ki, quru, rahat saxlanıla bilən və doyumlu qidaları daha çox almaq çox daha sərfəli və sağlam yoldur.

Yazdığım bu qidalardan hazırlanan yeməkləri daha doyumlu, sağlam və daha dadlı etmək istəyirsinizsə, mütləq ədviyyatlar və toxumlardan istifadə edin. Mən, məsələn, ən çox kətan toxumundan istifadə edirəm.

Onu üyüdüb 0,5-1 xörək qaşığı (günlük doza) gün ərzində salatlara, duru və quru yeməklərə əlavə edə bilərsiniz. 10 gündən bir fasilə vermək məsləhətdir. Öd kisəsində daş varsa və digər ciddi xəstəlikləriniz varsa, həkimlə məsləhətləşmədən qəbul etməyin.

Kətan toxumundan başqa, qara zirə toxumu, cirə, zirə toxumları, şüyüd toxumu, sumax, sarıkök, qurudulmuş ağ reyhan, qırmızı, qara istiot, zirinc və s. ən çox istifadə etdiklərimdir.   

Qeyd etdiyim bütün qidaların (undan başqa) üstünlüyü təbii ki, yalnız ucuz olmasında deyil. Əgər sağlam həyat tərzi sizə çox uzaqdırsa, bu cür qidalanma ilə bütün orqanlarınıza böyük yaxşılıq etmiş olacaqsınız.

Təbii ki, cibinizə də xeyir vermiş olacaqsınız.

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top