Gülüş gününə bir saat qalmış sizinlə 2012-ci ildə gülüşlə bağlı etdiyim kiçik araşdırmanı yenidən paylaşmaq istədim. Gülüş haqda elə şeylər öyrənəcəksiniz ki. ?
Ciddi sifət hələ ağlın göstəricisi deyil, Yer üzündəki bütün böyük axmaqlıqları məhz ciddi üz ifadəsi olanlar törədib. K.F.İ.Münxhauzen.
Belə bir ifadə var: “Burnunu ?niyə sallamısan?” Heç bu sözü sizə deyəndə düşünmüsüz ki, burnunuza baxasınız? Baxmadığınıza əminəm, amma məsləhət görürəm ki, baxasınız, onda nə demək istədiyimi başa düşəcəksiniz. ?
İndi isə burun və üz əzələləri sallanması prosesinin əksi olan gülüş haqda ətraflı danışmaq istəyirəm. “Gülüş” deyib keçdiyimiz əslində fiziologiyası, çox müsbət cəhətləri olan, insan psixologiyası və sağlamlığına, nəticədə də isə həyatına müsbət təsir edən çətin bir aktdır. Ard-arda baş verən qısa, spazmatik tənəffüs hərəkətləri ilə birgə üzün müəyyən qrup əzələləri yığılaraq hamımızın bildiyi gülüşə məxsus üz ifadəsini yaradır. Tibdə gülüşün sağlamlığa təsirini öyrənən xüsusi bir sahə var. Helotologiya adlanan bu sahə psixiatriyanın bir istiqamətidir.
Bizim filosoflara inansaq, insan digər canlı məxluqlardan gülməyi bacarmağı ilə seçilir. Addison Cozef.
Müasir tədqiqatlara görə, gülüş 10 milyon əvvəl insan və insanabənzər meymunlarda yaranıb. Tədqiqatlar zamanı həm də o aydın olub ki, meymunların balalarını qıdıqlayan zaman çıxardığı gülüş səsləri insan səsinə çox oxşayır. Son zamanlar canlılardan siçanların da güldüyü aşkarlanıb, belə ki, onlar öz aralarında oynadığı zaman və onları qıdıqladıqda gülüş səsinə oxşar səslər çıxarırlar (bunu insan qulağı eşitmir).
Gülüş də əsnəmə kimi yoluxucudur. Henrix Heyne.
Gülüşün insan bədəninə təsirini öyrənmək üçün çoxlu sayda tədqiqatlar aparılıb və aparılmaqdadır. Tədqiqatlar həddindən artıq çoxdur, onlardan bəzilərini nümunə gətirmək istərdim.
Kaliforniya Berkeley Universitetinin 30 illik apardığı tədqiqatda maraqlı nəticələr ortaya çıxmışdır. Bu tədqiqat köhnə məzun albomlarının araşdırılmasına əsaslanır. Məqsəd məzunların gülüşlərini ölçməklə əldə etdiyi uğurları, ətrafa necə təsir etdikləri, ailə həyatlarının uğurlu olub-olmaması və nə dərəcədə xoşbəxt olduqlarını öyrənmək idi.
Onu da qeyd etmək lazımdır ki, məzun albomlarının birində Barri (Barak) Obamanın da şəkli olub. Araşdırma nəticəsində daha çox gülən tələbələrin böyük uğurlar qazandığı məlum olub.
Buna bənzər bir araşdırma da Wayne Dövlət Universitetində aparılıb. Bu tədqiqatda məqsəd gülüşün insan ömrünün uzunluğuna təsirini öyrənmək olub. Bu dəfə isə 1950-ci illərdə buraxılan beysbol kartları araşdırılıb. Belə ki, şəkillərdə gülməyən idmançılar orta hesabla 72 il, gülənlərin isə 80 il yaşadığı aydınlaşdırılıb. Bu və bunabənzər çoxlu sayda araşdırmalar gülüşün ömrün uzadılmasına və həyat keyfiyyətinə olan təsirini bir daha təsdiqlədi.
Vaxtilə Ç.Darvin digər nəzəriyyələri ilə yanaşı “Üzün əks reaksiyası” nəzəriyyəsini yaratmışdı. Bu nəzəriyyəyə görə, gülüş yalnız yaxşı əhval-ruhiyyənin nəticəsi deyil, həqiqətən də insanın əhvalını yüksəldən bir aktdır. Bu nəzəriyyə öz təsdiqini almanlar tərəfindən aparılan tədqiqatda da tapdı. Tədqiqatda botoks inyeksiyalarından əvvəl və sonra beynin aktivliyi yoxlayınılır, bunun üçün funksional MRT (maqnit-rezonans tomoqrafiya) tətbiq olunur. Məlumdur ki, botoks inyeksiyaları gülüş aktına cavabdeh olan əzələlərin sinirlərini iflic edir.
Nəticələr Ç.Darvinin nəzəriyyəsini bir daha təsdiq etdi, belə ki, gülüş, hətta səbəb olmadan üzdə bu ifadəni yaratmaq beynin emosional vəziyyətinə təsir edir və beləliklə də biz gülən zaman özümüzü çox daha yaxşı hiss edirik.
Britaniya alimləri müəyyənləşdiriblər ki, əhval-ruhiyyəni qaldırmaq üçün istifadə olunan şokolad belə gülüşün yaratdığı stumilyasiyaya çatmır, belə ki, bir gülüşün yaratdığı stimulyasiya 2000 şokoladın yaratdığı qədərdir. Şokoladın təzyiqinizi qaldıra, içində çoxlu miqdarda konservantın olduğu və digər mənfi cəhətlərin olduğunu nəzərə alsaq gülmək daha məsləhətdir. Məhz bu cəhətləri və tam pulsuz başa gəldiyi üçün mütləq gülüşü gündəlik menyunuza daxil etməlisiniz. ?
Gülüşlə bağlı çoxlu maraqlı faktlar var. Müasir USM (ulstrasəslə müayinə) aşkarlayıb ki, insan hətta ana bətnində olanda gülümsəyir. Yeni doğulan körpələr ilk günlərində ən çox yatarkən gülürlər. Onu da qeyd etmək lazımdır ki, hətta kor doğulan uşaqlar insan səsi eşidəndə gülürlər. Böyüklərdən fərqli olaraq uşaqlar gündə 400 dəfəyə yaxın gülürlər, böyüklər isə ən yaxşı halda gündə 20 dəfə. Buna görə də uşaqlarla ünsiyyətdə olan böyüklər daha yaxşı əhval ruhiyyədə olurlar.
Xoşagəlməz şeylərdən şikayətlənmək qəzəbi iki qat artırır, onlara gülməyi bacarmaq isə qəzəbi öldürür. Konfutsi.
İndi isə gülüşün fiziki, psixoloji sağlamlığa və müvafiq olaraq həyat keyfiyyətinə necə təsir etdiyi barədə daha ətraflı. Çox insana maraqlı gələ bilər ki, gülüş necə insanın əhvalını qaldıra bilər. Gülüş aktı zamanı üz əzələləri sinir sistemi və beynin işinə çox müsbət təsir göstərən xüsusi impulslar ötürür, qana çoxlu miqdarda xoşbəxtlik hormonları olan endorfin, serotonin və neyropeptidlər daxil olur.
Maraqlısı odur ki, bu mexanizm hətta insanın əhvalı olmadıqda belə təsirlidir, belə ki, siz üzünüzdə saxta gülüş yaradırsız, həmin təsir yenə özünü göstərir və beləliklə əhvalınız qalxır, siz həqiqətən də gülməyə başlayırsız. Bu isə öz növbəsində gərginliyin (stress), baş və əzələ ağrılarının azalmasına gətirib çıxardır.
Bununla yanaşı, qanda oksigen daşınması güclənir və antitellərin səviyyəsi artdığından immun sistem möhkəmlənmiş olur. Qanda immunoqlobulin A-nın miqdarı artır, hansı ki, tənəffüs yollarının selikli qişasını viruslardan qoruyur. Bundan başqa, gülüş yuxusuzluğu, fiziki, əqli və psixoloji gərginliyi aradan qaldırır.
Gülüş astma tutmalarını yüngülləşdirir və hipertoniyadan əziyyət çəkənlərdə arterial təzyiqi salır (hipertoniya müxtəlif səbəblərdən arterial qan təzyiqinin armasıdır). Təzyiq gülüş zamanı damarların genişlənməsi nəticəsində düşür. 10 dəqiqə gülüşdən sonra təzyiq 10-20mm / c.s. enir.
Qeyd etmək lazımdır ki, məhz bu xüsusiyyətlərinə görə gülüş müalicə üsulu kimi hazırda dünyanın ən böyük klinikalarında tətbiq olunur. Tibdə yeni olsa da qədim tarixə malik Yoqanın bir istiqaməti olan Haasya Yoqa məhz gülüşlə müalicəyə əsaslanır. Burada əsas gülüş stimulyasiyası və imitasiyasına yer verilir.
Haasya Yoqa qrupla gülüş terapiyasıdır, bu bir növ tənəffüs gimnastikasıdır və burada müxtəlif tonallıqlı gülüşlər müxtəlif orqanların sağalmasına yönəldilir. Məsələn, “ho-ho” səsi qarın boşluğu orqanlarının sağalmasına yönəldiyi halda, “ha-ha” ürəyin işini stimulyasiya edir, “hi-hi” isə beyin qan dövranı və boğaz üçün xeyirlidir. Gülüş terapiyası hətta sağalmağa heç bir ümidi olmayan xəstələri belə ayağa qaldırıb.
Bir neçə əsr əvvəl Parisdə yaşayan Qalli Matye adlı həkim xəstələrini nəinki dərman, həmçinin zarafatlar, gülməli hekayə və şən manhılarla müalicə edirdi və nəticədə onun xəstələri digər həkimlərin xəstələrindən daha tez sağalırdılar.
Hazırda bütün dünyada gülüş terapiyası sürətlə inkişaf edir. Ən çox ABŞ-da, o cümlədən Avropanın bir çox dövlətlərində də geniş tətbiq olunmağa başlayıb.
Gülüşlə müalicənin maraqlı tarixçəsi var. Onu da qeyd etmək lazımdır ki, bu metod tam təsadüf nəticəsində ortaya çıxıb. N.Kazins (amerikalı, psixologiya fənni tədris edən, jurnalist), kollagenoz xəstəliyindən əziyyət çəkir ( sümük və birləşdirici toxuma xəstəliyi) və uzun müddətli nəticə verməyən müalicələrdən sonra o, artıq hərəkət belə edə bilmir, hətta çeynəyə və ağzını aça bilmir.
Üstəlik bütün bunlar güclü ağrılarla müşayiət olunur. Həkimlərsə Kazinsə bundan artıq kömək edə bilməyəcəklərini bildiririlər. Beləliklə, o, özü müalicə vasitələri axtarmağa başlayır.
O zaman nevroloq Vilyam Frayın jurnallarda gülüşün xəstəlikləri necə müalicə etdiyi haqda yazılar dərc olunmağa başlayır və Kazins bu metodla özünü müalicəyə başlayır: Xəstəxanadan çıxır, oteldə yaşamağa başlayır, otağına kinoproyektor sifariş edir və komediya janrında olan filmlərə baxmağa başlayır (baxıcısı ona bu işdə köməklik göstərir).
Bir neçə gün o heç gülmür, sonra birdən öz vəziyyətinə gülməyə başlayır: “Mən, axmaq, hərəkətsiz uzanmışam və filmlərə gic kimi baxaraq ciddi-ciddi düşünürəm ki, onlar mənim həyatımı qurtara bilər”. Dəli kimi səbəbsiz gülməyə davam edərkən birdən kürəyindəki ağrının necə azaldığını hiss eləyir… Bir neçə həftədən sonra Kazinsin vəziyyəti nəzərəçarpacaq dərəcədə düzəlir. Bir neçə ildən sonra o, nəinki xəstəliyindən qurtulur, yenidən işinə qayıdır, hətta sevimli pianosunda yenidən ifa etməyə başlayır. Elə bundan sonra da gülüşlə terapiya ciddi şəkildə öyrənilməyə başlanır.
Hazırda dünyada “Gülüş klubları” və klinikalarda “Gülüş kabinetləri” fəaliyyət göstərir. Təkcə Mumbayda 500 belə klub var. Amerika, İsveç, Fransanın bir çox klinikalarında isə gülüş terapiyası ilə məşğul olan kabinetlər açılıb, burda pasientlər xüsusi seçilmiş yumoristik videolara baxaraq müalicə alırlar.
Xroniki xəstəliklərin müalicəsində bu metod çox uğurla tətbiq olunur. Uşaq klinikalarında isə həkimlər və tibb bacıları kloun geyimlərində balaca pasientləri müalicə edirlər.
Uşaqların bu üsulla müalicəsi məşhur amerika sirkinin direktoru Maykl Kristensenin 80-ci illərin əvvəlində “Təcili yardım klounları”nı yaratmasından başlayır. Onun təklifilə bu klounlar xərçəngdən əziyyət çəkən uşaqları ziyarət edir və onları əyləndirirdilər. Həkimlər klounların ziyarətindən sonra müalicənin effektivliyinin çox artdığını böyük təəccüblə qarşılamışdılar. Məhz o vaxtdan etibarən bu üsul geniş tətbiq olunur və gözəl nəticələr verir.
Bu sahədə ən maraqlı və lazımlı işi İsrail gördü, belə ki, İsrail xəstəxanalarından birində həkim, tibb bacıları və fizioterapevtlər altı aylıq təlim keçərək “tibbi klounlar” ixtisasına yiyələndilər və hazırda kurs məzunları ölkənin bütün böyük xəstəxanalarında çalışırlar. Almaniyada isə ağır xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün müalicəni əsl əyləncəyə çevirən həkim-klounların böyük assosiasiyası var. Belə birliklər Avstriya, Hollandiya və Çexiya da mövcuddur. Hazırda bu hərəkata Polşa və Macarıstan da qoşulublar. Yaponiyada isə vərəm xəstəxanalarında gülüş terapiyası uğurla tətbiq olunur.
Gülüş həzmi yaxşılaşdırır
gülüş bədənin təmizlənməsi üçün ən təbii və yaxşı vasitədir. Güldüyümüz zaman qarın əzələləri gərginləşir, bağırsağın əzələləri dartılır, nəticədə bağırsaqların işini yaxşılaşdırmış olur və bu da öz növbəsində orqanizmdən toksinlər, zəhərli maddələrin xaric olmasına gətirib çıxarır. Başqa sözlə desək, gülüş bağırsaqları gimnastika elətdirir. Hələ min illər əvvəl Hippokrat gülüşün müalicəvi xüsusiyyətlərindən yazmışdı. Ona görə yemək vaxtı yaxşı əhvalı ruhiyyədə aparılan söhbət həzm sisteminin işinə müsbət təsir göstərir.
Gülüş gözəlləşdirir
Amerika alimləri üz əzələləri aktivliyi ilə beyin qan dövranı arasındakı əlaqəni müəyyənləşdiriblər. Güldüyümüz və gülümsədiyimiz zaman beyin qan dövranı yaxşılaşır və nəticədə beyin daha çox oksigen alır, bu da emosional vəziyyətə müsbət təsir göstərir. Tədqiqatlar göstərir ki, tez-tez gülən insanlar problemləri asan həll edir, ürəyi açıqlığı, yardımsevərliyi, həmçinin nadir sevmək bacarığı ilə fərqlənirlər.
Sifəti qırışmasın deyə gülüşünü boğmağa çalışan insanlar isə xüsusi ilə qadınlar əslində böyük səhvə yol verirlər. Belə ki, ”ciddi sifət” üzü canlı emosiyalardan məhrum edir. Qırışlar məhz neqativ düşüncəli insanlarda daha çox olur. Ürəkdən gələn gülüş üz əzələlərini tonuslandırır, üzdə qan dövranı yaxşılaşır, bu isə dərinin tonusunu xeyli yaxşılaşdırır. Bundan başqa, əhvalınız olmayanda üzünüzün bütün əzələləri sallanmış olur və olursuz “sallaq sifət”, güldüyünüz zaman isə əksinə əzələləriniz qalxır və beləliklə üzünüz daha cavan, gözəl,elastik və təravətli görünür.
Gülüş arıqladır
Gülüş orqanizmə idman hərəkətləri kimi təsir edir. Məlum olub ki, 27 saniyə çəkən gülüş ürək-damar sisteminə 3 dəqiqəlik avarçəkmənin verdiyi təsiri göstərir. Başqa sözlə, kardioməşq funksiyasını yerinə yetirir. Bir dəqiqə ürəkdən gülmək isə 40 dəqiqəlik qaçışdan alınan müsbət nəticəni verir. Ümumiyyətlə, gülüş məşqlərin effektivliyinin artmasına səbəb olur. Amerikalı psixoloq Henri Şvarts müəyyən edib ki, pis əhval ruhiyyədə idmanla məşğul olmağın heç bir xeyri yoxdur. Nəticə istənilən kimi onsuz da olmayacaq.
Yaxşı əhval ruhiyyədə olub və tez-tez gülürsüzsə nəticə gözlədiyinizdən də yaxşı olacaq (idman vaxtı yox, ondan əvvəl ya idmanarası dincəldiyiniz vaxtlarda)
Gülüş nifrətə qalib gəlir
Gülüş insanın psixoloji komfortu, münasibətlərinə müsbət təsir göstərir. Həmçinin, gülüş terapiyasına müraciət edən insanlar özünə inamı yenidən bərpa edir və ya olmayanlar da bu xüsusiyyəti qazanmış olurlar. Gülüş terapiyası ilə mənfi emosiyalar olan nifrət, qəzəb, kin, qısqanclıq, qorxu və günah hissini aradan qaldırmaq olar. Burada əsas məqam özünə və öz səhvlərinə bir qədər ironiya ilə yanaşmaqdır. Belə yanaşma vəziyyətin kəskinliyinin nəzərə çarpacaq dərəcədə azalmasına və həyatda yaşanan və yaşana biləcək çətinliklərdən rahat keçməyə imkan verir. Artıq məlumdur ki, hirsli, aqressiv insanlar daha çox ürək xəstəliklərinə tutulurlar, şən olanlar isə əksinə, bu onunla əlaqədardır ki, gülüş ürək və qan damarları hüceyrələrini möhkəmləndirir.
Gülüş haqqında digər maraqlı faktlar:
- Şən insanlar hirsli insanlardan 40% az ürək-damar xəstəliklərinə tutulurlar. Bu üzərində düşünüləsi çox ciddi rəqəmdir.
- Gülüş zamanı ağciyərlərdən 100km/saat sürətilə çıxan hava bronxit və bronxial astma kimi xəstəliklərdə bronxları bəlğəmdən təmizləyir və tənəffüsü yaxşılaşdırır.
- Gülüş insanın yaradıcılıq qabiliyyətini və problemləri həll etmə bacarığını artırır. Beynin sağ və sol yarımkürələrinin arasında əlaqə yaradaraq limbik sistemi aktivləşdirir.
- İsveç həkimləri son 270 ildə apardıqları tədqiqatda müəyyənləşdiriblər ki, teatr aktyorlarının arasında komediya janrı aktyorları dram aktyorlarından daha çox yaşayır.
- Gülüşü öyrənən beynəlxaq təşkilatlardan birinin konqressi zamanı gülüşlə müalicə alan xərşəng xəstələrinin müalicə nəticələri digərlərindən çox daha yaxşı olduğu müəyyənləşmişdir.
- XII əsrdə həkimlər deyirdilər: “ Şəhərə təlxəyin gəlməsi sağlamlıq üçün 10 qatıra yüklənib gətirilmiş dərmandan daha xeyirlidir”.
- Həkim Tiso əmin edirdi ki, o, qızılcaya yoluxmuş uşaqları qıdıqlayıb güldürməklə sağaldırmış.
- Gülüş həyəcan və narahatlıq hissini aradan götürür. Malayziyada sessiya qabağı tələbələrə gülüşü imitasiya edən xüsusi tənəffüs hərəkətləri öyrədildi və təcrübə göstərdi ki, bütün tələbələr heç həyəcanlanmadan asanlıqla imtahanları verdilər.
- Qərbdə satıcılar arasında maraqlı bir eksperiment aparılıb. Sən demə ən güləriz satıcıların müəyyən vaxtdan sonra nəinki xasiyyəti yaxşılığa doğru dəyişib, həmçinin psixoloji gərginlik nəticəsində meydana çıxan xəstəlikləri də aradan qalxıb.
- Ingilis filosofu və həkimi Vilyam Osler gülüşü həyatın musiqisi adlandırıb və hər gün ən azı 10 dəqiqə gülməyin çox vacib olduğunu qeyd edib. İnsan 17 dəqiqədən az gülmürsə ömrünü 1 il uzatmış olur.
- AВŞ-da astronavtlığa namizəd seçimi zamanı onların yumor hissini və zarafat eləmək bacarığını yoxlayırlar. Bundan başqa, ABŞ-da yüksək hərbi silahlı qüvvələrin üzvləri və həmçinin böyük korporasiyaların rəhbərləri 10 ildən artıqdır ki, yumor seminarlarında iştirak edirlər. Təlimi məşhur aktyor və ssenarist Çarlz Metkaf aparır və bunu yumorobika adlandırır.
- ABŞ Merilend Universitetinin kardiologiya mərkəzinin rəhbəri Maykl Millerə görə, gülüşü ürəyi sağlam saxlayan faktorlar siyahısına əlavə etmək lazımdır: hərəkət, yağsız qida və gündə bir neçə dəfə gülmək.
Düşündüyüm
Gülməyi bacarmaq nəinki insanın xarakter və həyat tərzindən asılıdır, burada cəmiyyətin rolu çox böyükdür. İnsanların əksəriyyəti qəbul olunmuş normalar, mental dəyərlərdən kənara çıxa bilmirlər, hətta bu onların həyatlarını zəhərləsə belə.
Bizim cəmiyyətdə isə gülüşə, ümumiyyətlə təbəssümə münasibət birmənalı deyil, küçədə çox nadir halda kimisə üzündə gülüşlə görə bilərsiniz, mən məsələn, çox az görmüşəm. Axı insan boş yerə niyə gülməlidir? Bu qədər problem varkən, ciddi və “ağır” olmaq dəbdə ikən, gülmək qeyri-ciddilik əlaməti sayıldığı halda niyə gülməlidir insan?! Bir də üz əzələlərini əziyyətə salıb təbəssümlə gəzməlidir?!
Bu, bizim milli mental dəyərlərimizdən irəli gəlir, insan istəsə belə güləriz ola bilmir, çünki ona mütləq “dəli, yüngül xasiyyətli” damğası qoyulacaq.
Amma səbəb daha dərində gizlənib, gülməyi və xoşbəxt olmağı bacarmayan insan digərlərinin xoşbəxtliyini qəbul edə bilməz. Şəhərimizdə isə sahib olduqlarından asılı olmayaraq, varlısı, kasıbı, xəstəsi, sağlamı, qocası, cavanı heç kim xoşbəxt olmağı bacarmır. İstisnalar əlbəttə həmişə var, amma bu halda çox azdır.
Gülməmək üçün ən yaxşı bəhanə isə “Kefim yoxdur!” cümləsidir, əgər artıq bu hissəni oxuyursunuzsa, deməli bəhanə artıq ola bilməz.? Əgər “ciddi sifət” problemlərinizi həll edəcək və sizi xoşbəxt edəcəksə buyurun, seçim həmişə sizindir.
Gülməyi öyrənmək istəyənlər üçün bir neçə məsləhət.
Pessimistləri ətrafınızdan uzaqlaşdırın, komediya janrında olan filmlərə daha üstünlük verin, əhvalınızı pozacaq musiqi və verilişləri dinləməyin, rəqs və idmanla məşğul olun, bu zaman qana xoşbəxtlik hormonları daxil olur və əhvalınız xeyli yüksəlir.
Səhər gözlərinizi açanda bacardığınız qədər uzun müddət gülümsəyin, nəticə sizi gözlətməyəcək. Bir şeyi unutmaq olmaz ki, hər şey vərdiş halına saldıqdan sonra asandır. Gülməyə vərdiş edin.
Həyata gülün ki, o da sizə gülsün. Unutmayın, nə versəniz onu da alacaqsız, bu nə yeni kəşfdir, nə də uydurma, bu, enerji mübadiləsidir və bu haqda bilənlər nə demək istədiyimi başa düşdülər.
Unutmayın ki, əslində gülməyi bacaran insanlar əslində elə güclü olanlardır, doğrudur, cəmiyyət tərəfindən üzündən “zəhrimar” yağan insanlar güclü hesab edilir, amma gəlin bir baxaq, onlar işlərində uğurlar qazana, böyük iş adamı və sahəsində böyük adlar qazana bilərlər, amma xoşbəxtdirlərmi onlar? Həzz almağı bacarırlarmı həyatdan? Var-dövləti olmaq hələ güclü olmaq demək deyil, yalnız xoşbəxt olmağı bacaran insanlar güclüdürlər.
Avstriyalı Ziqmund Foyeraben özünün “Gülüş xərçəngi məhv edir” adlı kitabında deyir: “Gülüş və xəstəlik hər ikisi dünyagörüşüdür. Bir insanın isə eyni vaxtda iki dünyagörüşü ola bilməz. Biri qalib gəlməlidir. Çalışın Gülüş qalib gəlsin”.
Üzünüzdən gülüş heç vaxt əksik olmasın. ?
Arzu Nəcəfova.