Dəri səpgiləri və civzələr haqqında bilmədikləriniz

Dəri səpgiləri və civzələr haqqında bilmədikləriniz

Xanımları ən çox narahat edən və şikayət etdiyi daha bir mövzu dəridə olan səpgilərdir. Bu gün sizə dəri səpgilərinin səbəbləri, onlarla mübarizə üsulları və gün ərzində mavi gildən çox effektiv maskalar təqdim edəcəyik. Odur ki, bizimlə qalın :)

Əvvəlcə onu qeyd edim ki, səpgilər birmənalı olaraq yalnız dərinin problemi deyil, buna heç vaxt səthi yanaşmayın. Dəridəki istənilən problem, o cümlədən səpgilər də orqanizmdə gedən hər hansı mənfi halın göstəricisidir.

Səbəbləri müxtəlifdir:

Səpgilərin üzə çıxdığı nahiyələr belə ayrı səbəblə əlaqəlidir. Yediyimiz yeməklərdən tutmuş, həyat tərzimizə qədər hər şey dərimizdə öz əksini tapır. Dəri bədənimizin güzgüsüdür.

Səbəblər haqda daha ətraflı:

1. Həzm sistemi problemləri (qəbizlik, dizbakterioz, öd kisəsi və qaraciyər xəstəlikləri, qurd xəstəlikləri və s. )

2. Qeyri-düzgün qidalanma (həddindən artıq yağlı, duzlu yeməklər və şirniyyat, konservantlarla zəngin çipsi, ketçup, mayonez və s. qəbulu)

3. Hormonal problemlər (yetkinlik dövrü, menstruasiya (aybaşı), menapauza dövrü, yanaşı xəstəliklər və streslə bağlı hormonal dəyişikliklər)

4. Hormonal preparatların qəbulu və antibiotiklərin normadan artıq qəbulu

5. Yağlı və kombinə olunmuş dəri səpgilər üçün ideal yerdir

6. Dərinin təmiz saxlanılmaması, ekoloji təmiz olmayan su

7. Dəri gənəsi (demodekoz)

Çox az adam tapılar ki, yeniyetməlik dövründə bu problemlə üzləşməsin və təəssüf ki, bəziləri səpgilərlə elə bu dövr bitdikdə vidalaşdığı halda, bəzi xanımlar illərlə onlarla mübarizə aparmalı olur. Məsələ ondadır ki, qadınlar daha çox hormonal dəyişikliyə məruz qalırlar: aybaşı dövründə, cinsi həyata başladıqda, hamilə qaldıqda, menapauza dövründə. Hormonal balans pozulduqda dəridə olan piy vəzilərinin işi pozulmuş olur və nəticədə səpgilər meydana çıxır. Hormonal balansı pozan ən böyük faktor stresdir.

Bu zaman mütləq endokrinoloq və ya ginekoloqa müraciət etmək və ən vacibi sizi stressə salan faktorları aradan qaldırmaq lazımdır.  

Qeyri-düzgün qidalanma

Dərinin təmiz olması birbaşa həzm sistemi ilə əlaqəlidir. Əgər siz qarşısınıza keçən hər şeyi yeyirsinizsə, demək ki, qaraciyər və bağırsaqlarınız heç də yaxşı vəziyyətdə deyil, bunu belə də bilin. Yağlı, qızardılmış, fast food, martekdən aldığınız içi kimyəvi rəngləyicilər, aromatizatorlar, konservantlar və digər çox zərərli kimyəvi maddələrlə zəngin çörək qızartması (suxari), çipsi, qazlı sular, şirələr bədəni “zəhərləyir” və qaraciyər müəyyən vaxtdan sonra artıq öz DETOKS (bədəni zərərli maddələrdən təmizləmə) funksiyasını normal yetirə bilmir, bağırsaqlarda həzm üçün lazım olan xeyirli bakteriyalar məhv olur, bağırsaq da öz işini pozmuş olur, nəticədə piy vəziləri aktivləşir və səpgilər üçün əla şərait var deməkdir.

Səpgilər, həmçinin şirniyyat sevən xanımlarda rast gəlinir, belə ki, şəkər və şirniyyatın normadan artıq qəbulu bu nəticəyə gətirib çıxarır.  

Dərini təmiz saxlamağın qaydaları:

– Dərini təmiz saxlamaq üçün mütləq hər gün 8-12 stəkan su içmək, mövsümi meyvə-tərəvəzi qida rasionundan əskik etməmək, həzm sistemi problemləri varsa qastroenteroloqa (mədə-bağırsaq həkimi) müraciət etmək lazımdır.

– Dərinin təmiz qalmasında yuyunduğunuz suyun çox böyük əhəmiyyəti var. İllərlə içərisi təmizlənməyən çən, krandan birbaşa gələn xlorlu su dəridə müxtəlik xəstəliklər yarada bilir. Ona görə üzünüzü qaynanmış və ya filtrdən keçirilmiş su, ən yaxşısı isə ot dəmləmələri ilə yumaqdır (çobanyastığı, gülümbahar və s.)

– İstifadə etdiyiniz kosmetikanın keyfiyyətli olduğuna əmin olun və gecə üzünüzdə kosmetika ilə yatağa girməyin :)

– Vaxtaşırı olaraq dərinizi müxtəlif bitkilərdən hazırlanan vanna buxarı ilə nəmləndirib kosmetik qaşıqla təmizləmək məsləhətdir (xüsusilə də yağlı dərini).

Diqqət! Onu da nəzərə alın ki, səpgiləri sıxmaq olmaz, çünki onlar infeksiya mənbəyidir və dərinin digər hissələrinə o cümlədən qana keçərək, ciddi problemlərə gətirib çıxarar (furunkul, meningit və s.) Səbəbini bilmədən hər hansı müalicə etmək, onları bir az da artıra və ya sağlamlığınızla bağlı digər problemlər yarada bilər.

Növbəti yazılarımızda müxtəlif dəri tiplərinə qulluq, səpgilər çıxdığı nahiyələrə görə problemin təyini və effektiv maskalar, səpgilərdən qalan çapıqlar və ləkələrin müalicəsi haqda oxuya biləcəksiniz.

Yağlı dərilərə qulluq 

 

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top