Dəri çatlarını aradan qaldıran reseptlər

Dəri çatlarını aradan qaldıran reseptlər

Striya və ya başqa sözlə, dəri çatları adlanan kosmetik deffekt bir çox xanımları narahat edir. Onlar  niyə və nəcə yaranır? Qarşısını almaq necə olar?

Striyalar ağ rəngdən tutmuş qırmızı, tündə bənövşəyi rənglərə çalan enli, ensiz, müxtəlif ölçülərdə olan dəri xətləri və ya dəri cırılmalarıdır.  Striyaların rəngi  onların içində olan damarların ölçüsünə görə dəyişə bilir, lakin rəngli striyalar vaxt keçdikcə ağarır.

Bu problemlə ən çox hamiləlik və doğuş keçirən, tez-tez arıqlayıb kökələn və sürətlə kilo atan qadınlar rastlaşır. Digər səbəblər kimi isə piylənmə, hormonal pozğunluq, yeniyetmələrdə keçid dövrü, stress, siqaret istifadəsini göstərmək olar. Ona görə də striyaları yalnız “kosmetik deffekt”- deyib keçməyin, gördüyünüz kimi onlar orqanizmdə gedən hormonal dəyişikliyin göstəricisi ola bilir.

Ən çox rast gəlinən nahiyələr: qarın, sağrı əzələləri, süd vəziləri, ayaqların içəri səthi, çiyinlər, qolların içəri səthi, bel nahiyəsi və s.

Striyalardan necə qurtulmaq olar?

  • Kosmetoloji üsullar: mezoterapiya, qlükol turşusu ilə kimyəvi pilinq, lazer üsulu, mikrodermobraziya və s.
  • Hormonal problemlərlə əlaqədardırsa, mütləq həkim endokrinoloq müayinəsi və müalicəsi, eyni zamanda kosmetoloji müalicə
  • Plastik əməliyyat

Yuxarıdakı göstərilən müalicə üsulları üçün hər hansı salona deyil, işini bilən həkim-kosmetoloqa və ya plastik cərraha müraciət etmək lazımdır.

Bütün bu üsullar effektiv olsa da, hər xanımın maddi durumu bu bahalı  müalicə üsullarını keçməyə imkan vermir. Üstəlik yan effektləri ola bilər. Bundan başqa, ağrılarla müşayiət olunduğu üçün hər qadın bu prosedurlara dözə bilmir. Ona görə də xanımlara ev şəraitində striyalardan azad olmaq üçün məsləhətlər və reseptlər vermək qərarına gəldik:

Dəri tonusunu artıran və striya əleyhinə  vannalar:  

  • Efir yağlı vannalar: 5 damcı apelsin yağı, 2 damcı geranium, 6 damcı neroli yağı;
  • Laminariya yosununun  (apteklərdə satılır) üzərinə qaynar su töküb dəmlənməyini gözləyin, sonra süzüb vanna suyuna qarışdırın, bitkinin qalan quru hissələrindən isə arıqlamaq və sellülit əleyhinə bürünmə kimi istifadə edə bilərsiniz .

 Vannaları həftədə 2-3 dəfə qəbul etmək lazımdır. 

Striyaların aradan qaldırılması üçün MUMİYE-dən effektiv maska:

2-4 qr mumiye (apteklərdə satılır) bir çay qaşığı qaynanmış suda əridin. Alınan məhlulu 80-100 qr-lıq hər hansı uşaq kremi ilə qarışdırıb problemli nahiyələrə gündə 1-2 dəfə sürtün (Maskadan əvvəl dərinizi skrabla təmizləyin).

Striyaların qarşısını almaq və artıq mövcud olan striyaların aradan qaldırılması üçün məsləhətlər:

  • Toxuma və dərinin tonusunu bərpa etmək  üçün mütləq idmanla məşğul olmaq lazımdır.  Belə ki, heç nə idman kimi dərinin elastikliyini qorumur. Elastik dəridə striyaların yaranma ehtimalı sıfırdır. Bunun üçün məsələn, siz fitness zala və ya üzgüçülüyə yazıla bilərsiniz;
  • Qidalanmada dəri üçün lazım olan bütün vitamin və minerallar, xüsusil də tərkibində kalium və doymamış yağ turşuları olan qidalar, su isə birinci növbədə rasionda olmalıdır;
  • Striyaları aradan götürmək üçün dəri yenilənməlidir, bunun üçün su prosedurları çox vacibdir, məsələn, kontrast duş qəbul eləmək;
  • Striyalar əleyhinə xüsusi gel və kremlərdən istifadə etmək lazımdır, lakin onların tərkibində hialuron turşusu, aloy bitkisi, kollagen, aminturşuları, vitamin və minerllar, bir sözlə dərinin elastikliyini bərpa edəcək maddələrin olması çox vacibdir;
  • Həftədə 2-3 dəfə müxtəlif bitki və efir yağlarından vannalar qəbul edin (yuxarıda qeyd olunan).

Unutmayın! Siz hər hansı prosedurla striyalardan azad olsanız belə, əgər dərinizin vəziyyətini həyatın ümidinə buraxsanız, striyalar yenə sizinlə olacaq. Gözəl və sağlam olmaq üçün əmək qoymaq vacibdir :)

Arzu Nəcəfova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top